Fontu böyüt:
Şaiq Muradov 1985-ci ildə Şuşada anadan olub. Pedaqoji Universitetin tarix fakültəsini bitirib. Kinotap.com, Socset.com və Technimum.com layihələrinin müəllifidir.
- Texnologiya sahəsinə uşaqlıqdan
maraq vardı. Hər bir yeniliyi əldə etməyə çalışırdım: istər videomaqnitofon,
fotoaparat, maqnitofon olsun. Bizim oxuduğumuz dövrdə məktəbdə kompüterlə tanış
olmaq mümkün deyildi, olsaydı, elə birbaşa texnoloji sahəni peşə olaraq seçərdim.
İndiki gənclər çox şanslıdır, biz heç universitetdə kompüter otağı görməmişdik.
İnternet klublara gedirdim, internetdən texnoloji sahə üzrə ədəbiyyat sifariş
edirdim, nəticədə tarix mənim üçün hobbiyə, texnoloji sahə isə əsas işimə
çevrildi.
- Layihələr, ideyalar necə
yarandı?
- Digitalbrand
son iş yeri olub. İnteraktiv marketinq agentliyidir. Mən 3 il, 2010- 2013-cü illərdə
orada çalışmışam. Həmin şirkətdə reklam bazarına bir çox yeniliklər gətirdik. Kinotap
və Socset
isə öz şəxsi layihələrimizdir. Bunların ideyası tamamilə ehtiyacdan yarandı. Kinotap
kinoteatr afişaları haqqında olan məlumatları təqdim edir. Siz bu resursa daxil
olub Azərbaycanda istənilən kinoteatrda hansı filmin getdiyini öyrənə bilərsiniz.
Mən özüm filmləri sevdiyimdən dostlarımla bu resursu yaratdım. Dünyada bu cür
tipdə resurslar var. Kinopoisk.ru
, Sinemalar.com
kimi
- Əgər bu startap layihəsidirsə,
filmləri verməkdə biznes marağı nədədir?
- Dünyada internet layihəsindən gəlir
əldə etməyin 2 əsas modeli var. Bunlardan biri reklam, digəri pullu xidmətlərdir.
Yəni servis göstərməkdir. Bu layihədə ilk marağımız reklamdan qazanc əldə etməkdir. İkincisi, onlayn satışı həyata
keçirmək olar. Azərbaycan bazarı bunun üçün kiçikdir, lazımı infrastruktur
yoxdur. Digər Socset isə sosial mediada statistika sistemidir. Yəni reklamların
sosial mediadakı statistikasını ölçmək üçün yaratmağa başladıq və startap layihəsinə
gətirdik. Resursun əsas məqsədi reklamın sosial istifadəçinin necə
qarşıladığını, Facebook-da nə qədər paylaşıldığını, Twitter-də nə qədər tweet
olunduğunu bilməkdir. Qurduğumuz sistem reklamım sosial mediada effektini izləməyə
imkan verəcək.
- Pullu xidmətdir bu?
- Xidmətin premium imkanı var. Yəni
müəyyən limitə qədər pulsuzdur. Daha ətraflı məlumat üçün isə pulludur. Hazırda
beta versiyası işləyir. Layihəni təkmilləşdirmyə çalışırıq.
- Sosial şəbəkələrdən hansını əhatə
edəcək?
- Facebook, Twitter, Googleplus, Linkedin,
Odnoklassniki, Vkontakte, Mail.ru kimi şəbəkələri əhatə edəcək. Çalışırıq, nəhəng
işin öhdəsindən gələk.
- İş, sözsüz, çoxdur. Öhdəsindən gələ
biləcəksinizmi?
- Dünyada buna “Data Mining”
deyilir. Böyük məlumatları süzgəcdən keçirmək, bizə lazım olan məlumatları
almaq. Laboratoriya testlərində uğurlu nəticə almışıq. İstəyirik, hər kəs daxil
olub məlumat ala bilsin.
- Siz 2 startap layihəni işlədirsiniz?
Belə bir praktika varmı?
- Təbii. Bunun dünyada analoqu
var. Layihə üzərində növbə ilə çalışırıq. Kinotap-ın böyük bir hissəsini
istifadəyə vermişik. Socset isə istifadəyə verilmə prosesindədir. Rabitə və
Yüksək Texnologiyalar Nazirliyin xətti ilə yalnız Socset üçün maliyyə almışıq.
- Həmdə bu sistemə nəzarət məsələsi
nə yerdədir? Təhlükəsizlik işləri aparılırmı?
- Vaxtımızı aparır bu işlər, hətta
dünən evə gedəndə, gecə 2-nin yarısı idi. Mümkün qədər çalışırıq problem
yaranmasın. Komandada 3 nəfərik. Əlavə 2 nəfər də köməkçimiz var.
- Çox böyük gəliriniz yəqin hələ yoxdur.
Bəs necə dolanırsınız?
- Əlavə sifariş götürürük. Müəyyən
məbləğ qarşılığında işlərimizi görürük. “Həyatda qalmağa” çalışırıq. Azərbaycanda
bizə hər zaman ehtiyac var.
- Layihələrə nə qədər vaxt sərf
edirsiniz yaxud nə vaxt gəlirsiniz?
- Yatmayanda, gəzməyəndə, xüsusi
iş olmayanda Texnoparka gəlitik. Gündə 10 saatdan çox oluruq. Hərdən gecə 2-3ə
kimi də qalırıq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Texnologiyalar
parkını dövlət kömək məqsədilə yaradıb. Düzdür, bəzi tanışlarımız var ki, onlar
kirayə ev tutub ayrıca işləyirlər. Əslində bu Texnopark gələcəkdə Pirallahıda
yaradılacaq böyük Texnoparkın kiçik bir modelidir. Silikon Vadisinə bənzər bir
şey olacaq. Layihənin icrasına başlanılıb, amma başa çatması üçün illər çəkəcək.
- Yaradıcı prosesdə münaqişələriniz
olurmu?
- Əslində elə bir münaqişə olmur.
Daha çox fikir mübadiləsi aparırıq, uzunmüddətli müzakirələr edirik.
Bir-birimizə fikrimizi izah etməyə çalışırıq. Nəticədə ortaq məxrəcə gəlinən
bir proses olur.
- Sizin Web.oxu layihəsiniz də
olub...
- Hazırda Technimum.com
kimi fəaliyyət göstərir. Web.oxu çox müəllifli qrup bloqu idi. İstənilən kəs
qeydiyyatdan keçib texnologiya yeniliklərindən yaz bilərdi. Burada məqsədimiz
texnologiya yeniliklərini oxucuya düzgün çatdırmaq idi, qazanc məqsədi
güdmürdük. İnternetdə xeyli sayt var bu
sahədən yanlış məlumat yayır. Web.oxu bu ilin əvvəlində isə mobiz.az-la birləşdirildi,
Technimum.com yarandı.
- Texnoloji insan üçün ingilis
dilini bilmək vacibdirmi? Bəs ali təhsil?
- 2 dil var: texniki ingilis dili
və insanların danışdığı ingilis dili. Texniki ingilis dili mənə daha asandır, nəinki
texniki Azərbaycan dili. Müəyyən proqramları Azərbaycan dilinə çevirəndə mənə
daha çətin olur. Təhsildən başqa təcrübə də çox vacibdir. Məsələn, kompüter mühəndisliyi
fakültələrinin tələbələri üçün təcrübə ilə formalaşmaq əhəmiyyətlidir. Bir də şərt
deyil Azərbaycanda təhsil alsınlar. Təhsil strukturu Azərbaycanda yaxın gələcəkdə
formalaşacaq.
- Sizin texnologiya ilə bağlı ali
təhsil, sertifikat əldə etməyi düşünmüsünüzmü?
- Xeyr, mən sertifikat almağa cəhd
göstərmirəm. Ancaq komandamızda Türkiyədə texnoloji təhsil alan insan var. .
- Ötən il Dublində keçirilən Veb
sammitdə olmusunuz. Bu haqda danışardınız.
- Avropadakı ən böyük internet
proyektlərinin sərgisi idi. Azərbaycandan ilk dəfə biz getdik. Startap-ı
nümayiş etdirdik, bəyəndilər, bizdən müsahibə aldılar. Bizə sərgidə iştirak
üçün bilet verildi, ayrıca stend ayrıldı. Bakutel-ə bənzər bir şey idi. Sadəcə
Avropada keçirilirdi, Google, Microsoft kimi nəhəng şirkətlər də qoşulmuşdu. Hər
il keçirilən bu sərgiyə öz hesabımıza getmişdik.
- Dublində kimləsə əlaqə qurmaq, tanışlıq
yaratmaq imkanı oldumu?
- Biz orada çox şeyi öyrəndik, dərs
aldıq. Yəni nə şəkildə etmək lazımdır, nə dərəcədə uğurlu olmalıdır, hansı
istiqamətdə işlər görməliyik, bu şeyləri biz oradakı müşahidələrdən götürdük.
Dublindən başqa Türkiyədəki startap tədbirlərində də olmuşam. Bu tədbirlər bizə
işimizdəki gələcəyi görməyə xeyli kömək edir. Bir də Azərbaycanda şirkətlərin
marağı olsa, bu sahəyə daha tez inkişaf edər
- Deyəsən, şirkətlər texnologiya sahəsinə
investisiyada elə də maraqlı deyillər?
- Burda kadr məsələsi xüsusi rol
oynayır. Əksəriyyəti xaricə çıxıb gedir. Yaxud da başqa sahələrdə
ixtisaslaşırlar. Savadlı kadrlar bu sahədə ixtisaslaşdıqca, müəyyən dövrdən sonra
şirkətlər bu sahəyə investisiyanı artırmaq istəyəcəklər.
- Bu layihələrin uğurlu olacağına
ümidiniz varmı?
- Texnologiya ilə məşğul olmaq
bir həvəsdir. Biz bundan zövq almaq üçün çalışırıq. Təbii, maddi tərəfi
vacibdir; gərək zövq aldığımız iş gələcəkdə “yaşasın”. Sırf bu işi pul xətrinə üçün görmək xülyadır.
İnanmasaydıq, arxasınca getməzdik.
Kamran Ədalətoğlu
İsmayıl Rafiqoğlu