Fontu böyüt:
Dekabrın 4-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxana Mərkəzinin və Elmi Tədqiqatlar Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
Xeberler.az bildirir ki, mərasimdə
AMEA prezidenti, akademik Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri,
akademik Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse-prezidentləri
akademik İbrahim Quliyev və akademik İsa Həbibbəyli, AMEA İnformasiya
Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, AİF
prezidenti Osman Gündüz, Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun
icraçı direktoru Elçin Babayev, KİV nümayəndələri iştirak edib.
Akif Əlizadə əvvəlcə Elektron
Kitabxana Mərkəzinin açılışını bildirən rəmzi lent kəsib. Sonra qonaqlar
elektron kitabxana, burada oxucular üçün yaradılan şəraitlə tanış olublar.
Rasim Əliquliyev qonaqlara
elektron kitabxana haqqında ətraflı məlumat verərək, onun müasir standartlara
cavab verdiyini, ən müasir texniki avadanlıqlarla təchiz olunduğunu diqqətə
çatdırıb.
Rasim Əliquliyev qeyd edib ki, kitabxananın
təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti
həyata keçirə bilməsi üçün Mərkəzdə 3M texnologiyasından istifadə olunur.
Burada sifarişlərin idarə olunması, oxuculara xidmətin həyata keçirilməsi, müxtəlif
tərkibli hesabatların hazırlanması məqsədilə Avropanın bir sıra ali məktəb və
elmi təşkilatlarında uğurla istifadə olunan "Exlibris" şirkətinin
Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq olunur.
Resursların təsnifatı və predmetləşdirilməsi
ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirilir.
Sonra qonaqlara Elektron
Kitabxana Mərkəzinin fəaliyyəti və burada həyata keçirilən layihələri əks etdirən
təqdimat nümayiş etdirildi.
Akif Əlizadə daha sonra
institutun Elmi Tədqiqatlar Mərkəzinin açılışını bildirən rəmzi lenti kəsdi.
Qonaqlar ən müasir avadanlıqlarla təchiz olunmuş Mərkəzdə əməkdaşlar üçün
yaradılan şəraitlə tanış oldular. Akademik Rasim Əliquliyev Mərkəzdə fəaliyyət
göstərən şöbələrin elmi fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat
verdi. Bildirildi ki, burada informasiya cəmiyyətinin elmi-nəzəri problemləri,
İnternetşünaslığın multidistiplinar aspektləri, informasiya təhlükəsizliyi,
informasiya iqtisadiyyatının, e-elmin formalaşması problemləri və s. istiqamətlərdə
elmi araşdırmalar aparılır.
Qonaqlar institutun yüksək
texnologiyalar və müasir avadanlıqlarla təchizini, əməkdaşlar üçün yaradılmış şəraiti
yüksək qiymətləndirdilər. Qeyd etdilər ki, bu, əməkdaşların fəaliyyətinin səmərəliyi
və məhsuldarlığının artırılmasına xidmət edir.