Fontu böyüt:
Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti səhiyyə sahəsi üzrə yeni xidmət tətbiq etməyə hazırdır.
Şirkətin prezidenti Əli Ağanın verdiyi məlumata görə, səhiyyə sahəsini əhatə edən xidmət dərmanların üzərində göstərilən bar-kodlarla bağlı olacaq: «Məsələn, Afrika ölkələrində mobil rabitə operatorları bu cür xidməti artıq göstərir. İstehlakçı aptekdən dərman alarkən, onun saxta olub-olmadığını müəyyənləşdirmək üçün dərmanın üzərindəki bar-kodun şəklini çəkib SMS vasitəsilə müvafiq nömrəyə göndərir ki, onun müqabilində abunəçi SMS vasitəsilə müsbət və ya mənfi cavab alır».
A.Ağan onu da bildirib ki, Azərbaycanda analoji xidmətin tətbiqi və istifadəyə verilməsi əsasən Səhiyyə Nazirliyindən asılıdır: «Nazirlik buna ehtiyac duyarsa, biz «Azercell» şirkəti olaraq sözügedən xidməti abunəçilərə göstərməyə hazırıq».
Qeyd edək ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin 4 mln. artıq abunəçisi mövcuddur.
mənbə: APA