Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilk milli telekommunikasiya peykinin orbitə buraxılması məqsədilə raket daşıyıcıları arasında tender elan edilməsini planlaşdırır.
APA-nın məlumatına görə, RİTN artıq Rusiya, Ukrayna və Fransa şirkətlərinə tenderdə iştirak üçün dəvətlər göndərib. “Proton” raket daşıyıcılarını istehsal edən Rusiyanın Xruniçov adına Dövlət Müəssisəsi, “Zenit” raket daşıyıcılarının istehsalçısı olan Ukraynanın “Yujnoe” kommersiya təşkilatı və “Ariane” raket daşıyıcılarının istehsalçısı olan Avropa Kosmik Agentliyi şirkətləri dəvəti alıb.
Nazirlik 2010-cu ilin yanvarın 1-dən etibarən üç ay ərzində bu tender çərçivəsində kontrakt imzalamağa hazırdır. Bu ilin sonuna kimi RİTN dəvət olunanların tenderdə iştirakı ilə bağlı bildirişlərini almalıdır.
Nazir Əli Abbasovun Rusiya KİV-nə verdiyi məlumata görə, peykin raket daşıyıcı ilə birlikdə buraxılması 200 milyon dollara başa gələcək.
Rusiyanın “Comnews” portalının yaydığı məlumata görə, “Set Telekom” peyk operatorunun baş direktoru Sergey Pexterev Azərbaycan peykinin “Orbital” şirkəti tərəfindən “Zenit”in Baykonurdan buraxdığı “İntelsat-15” peyki ilə bir modulda hazırlandığını nəzərə alaraq, Rusiya və Ukrayna şirkətləri arasında tender uğrunda sərt mübarizə aparılacağını bildirib: “Zenit” – daha yüngül və ucuz, lakin daha az etibarlı variantdır. Bundan başqa, “Yujnoe” şirkətində son vaxtlar raket daşıyıcılarının defisiti müşahidə olunur. “Ariane”yə gəldikdə, digər bortla birgə buraxılışdan söz gedəcək və istehsalçılardan biri gözləməli olacaq”.
Əli Abbasov “Comnews” portalına verdiyi müsahibədə bildirib ki, şirkət seçimində əsas meyar raket daşıyıcının etibarlılığı olacaq.
Qeyd edək ki, peykin 2011-ci ilin dekabr ayında orbitə çıxarılması nəzərdə tutulur. Peykin orbitə çıxarılması layihəsinin ümumi dəyəri təxminən 160 mln. dollardir ki, bunun 86-87 mln. dolları birbaşa peykin istehsalına, 16 mln. dolları əsas və köməkçi idarəedici sistemin yaradılmasına, 40 mln. dolları raketdaşıyıcı vasitəsi ilə orbitə çıxarılması üzrə işlərə, 18 mln. dolları isə sığorta xidmətlərinə yönəldiləcək.
Azərbaycan peykin imkanlarının yalnız 20%-ni istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Artıq peykin imkanlarının 40%-i Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur.
Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internet ilə transmissiyaya malik olacaq.
Milli peykin orbitə çıxarılmasında Azərbaycana ABŞ-da yaşayan Rusiya akademiki Roald Saqdeyevin təşəbbüsü ilə yaradılmış “Silk Sat” proqramı dəstək göstərir. Proqram Böyük İpək Yolu ölkələrinin ABŞ və Rusiya resurslarını cəlb etməklə vahid peyk sisteminin yaradılmasını nəzərdə tutur.