Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Xocalı soyqırımı rabitəçilərin yaddaşında” adlı kitab çap edilib.Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi veb resursunda məlumat verilib.
Kitabda 1992-ci ilin qarlı fevral günlərində erməni silahlı quldurlarının sovet hərbi birləşmələri ilə birlikdə Azərbaycanın Xocalı şəhərinə hücumu nəticəsində şəhərin işğal edildiyi son anadək öz vəzifə borclarını fədakarlıqla yerinə yetirmiş rabitəçilərin başına gələn müsibətlərdən, silahsız insanların, xəstə qocaların, körpə uşaqların zülmət gecədə buz bağlamış çaydan keçərək dəstə-dəstə qarlı dağlara, meşələrə üz tutmasının, məşəqqətli günlərin, dəhşətli əzabların canlı şahidi və iştirakçısı olmuş əzabkeş xocalıların faciəsindən söz açılır.
Ulu öndər Heydər Əliyevin Xocalı soyqırımı ilə əlaqədar etdiyi çıxışlardan parçalar, imzaladığı sərəncamlar, ölkə Prezidenti İlham Əliyevin soyqırımla bağlı xalqa müraciətləri, bir sıra rəsmi sənədlər, Qarabağ tarixi ilə bağlı faktlar, zəngin və geniş məlumatlar, münaqişənin başlanma səbəbləri, xarici ölkələrin nüfuzlu təşkilatlarının və kütləvi informasiya vasitələrinin Xocalı faciəsi barədə xəbərləri kitabda öz əksini tapıb.