Fontu böyüt:
Azərbaycanda Azercell, Qazaxıstanda isə Qazcell şirkətləri TeliaSonera-nın (şirkətlərin səhmlərinin əsas sahibi)Avrasiya regionunda ən böyük və əhəmiyyətli şirkətlərindəndir. Bunu Bakıda səfərdə olan TeliaSonera şirkətinin prezidenti Lars Niberq bəyan edib.
APA-nın verdiyi məlumata görə, L.Niberqin sözlərinə əsasən, bu yaxınlarda TeliaSonera qrupuna Avrasiya regionunda daha 4 şirkət daxil olub, lakin buna baxmayaraq, şirkət öz əsas yatırımlarını məhz bu iki şirkətə yönəldir. L.Niberq qeyd edib ki, Azercell Azərbaycanın qeyri-neft sektorunda çox mühüm yer tutur.
Ötən ilin nəticələrinə görə, Azercell-in fəaliyyətində çox müsbət göstəricilər müşahidə olunub: «Şirkət mütəmadi olaraq qiymət endirimləri edərək bazarda rəqabətliliyin qorunub saxlaması, şəbəkənin genişləndirilməsi və yeni texnologiyaların tətbiqi üzrə gördüyü işlər bunu bir daha təsdiqləyir».
Maliyyə böhranının Azərbaycana təsirindən danışan L.Niberq, ölkədə aparılan tikinti işlərini və telekommunikasiya sektorunda həyata keçirilən islahatları müsbət amil kimi qiymətləndirib.
İKT sektorunda aparılan islahatlara əlavə olaraq daha bir yeniliyin Azercell şirkətindən təqdim olunacağını və bunun yeni nəsil - 3G texnologiyasının tətbiq ediləcəyini vurğulayıb.
TeliaSonera şirkətlər qrupunun prezidentinin sözlərinə görə, Azərbaycanın mobil rabitə bazarı artıq bu texnologiyanın tətbiqinə hazırdır və şirkətin bu texnologiya üzərindən xidmətlərin göstərməsi üçün müvafiq strukturlar tərəfindən lisenziyanın təqdim edilməsi tələb olunur.
Böhranın TeliaSonera şirkətlər qrupuna təsirinə gəldikdə isə L.Niberq bu günə kimi dünya üzrə telekommunikasiya sahəsinin böhrandan ən az zərər çəkən sektorlardan olduğunu və TeliaSonera-ya təsir göstərməsinə baxmayaraq, şirkətin 2008-ci ili rekord həcmdə mənfəətlə başa vurduğunu bildirib. “Lakin buna baxmayaraq, böhranın təsiri TeliaSonera-nın strukturunda və sərmayə yatırımlarında özünü göstərəcək”, - deyə L.Niberq qeyd edib.