Fontu böyüt:
ABŞ-ın məşhur “Foreign Affairs” jurnalının yanvar-fevral buraxılışı Azərbaycana həsr olunub.
Xeberler.az AzərTAc-a istinadən məlumat verir ki, jurnalın xüsusi buraxılışı “Azərbaycan 2020-ci ildə: Davamlılığa çevrilən güc” adlanır.
Jurnalda Azərbaycanın siyasi-iqtisadi inkişafı, xarici siyasəti, enerji strategiyası, ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, nəqliyyat infrastrukturu, informasiya-kommunikasiya texnologiyaları və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, turizm potensialı, ictimai xidmətlər sahəsində tətbiq olunan innovasiyalar və “ASAN xidmət”, Bakıda keçiriləcək birinci Avropa Oyunları haqqında ətraflı məlumat verilir.
Qeyd edilir ki, son 10 ildə Azərbaycan iqtisadi baxımdan dünyada ən sürətlə inkişaf edən ölkələrdəndir. İqtisadi şaxələndirmə proqramı və gələcəyə aydın baxış Azərbaycanı qlobal oyunçuya çevirir, ölkədə investisiya yatırımı üçün əlavə imkanlar yaradır.
Müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi ağır vəziyyətdən bəhs edən jurnal yazır ki, ölkə iqtisadiyyatının dirçəlişi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının işə düşməsi və enerji sektorunun beynəlxalq investisiyalar üçün açıq elan edilməsindən sonra mümkün oldu. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə bu sektorda xarici investisiya qoyuluşu üçün imkan yarandı. Geniş həcmli hasilat və çoxsaylı boru kəmərləri Azərbaycanı dünyanın ən böyük neft-qaz ixracatçısına çevirdi.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafından da söhbət açılan xüsusi buraxılışda Prezident İlham Əliyevin aşağıdakı fikirləri yer alıb: “Son 10 ildə Azərbaycanda neft-qaz istehsalından əldə olunmuş gəlirlərin bir qismi məqsədyönlü şəkildə və xüsusi proqramlar çərçivəsində qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı yerli sənaye müəssisələrinin yaradılmasına və milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldilmişdir. Məhz bunun nəticəsidir ki, bəhs etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olunmuşdur”.
Jurnalda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında da məlumat verilir. Qeyd edilir ki, ölkənin inkişaf konsepsiyasının əsasını iqtisadi şaxələndirmə təşkil edir. Konsepsiyada Azərbaycanda qeyri-neft sektorunun inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın yaradılmasına xüsusi diqqət yetirilir.
Xüsusi buraxılışda bu il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyi diqqətə çatdırılır. Vurğulanır ki, Avropa üçün yeni formatlı bu multiidman yarışlarına hazırlıqlar yüksək səviyyədə gedir. Bu yarışlar Azərbaycanı bütün dünyaya daha yaxından tanıtmaqla yanaşı, “Bakı 2015”i gələcək Avropa Oyunları üçün standarta çevirəcək. Jurnal Avropa Oyunlarının Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyini diqqətə çatdırır. Həmçinin Azərbaycanın əvvəllər də bir çox mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi etdiyi, ölkəmizdə 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin 4 oyununun keçiriləcəyi barədə məlumat verilir.
Jurnalda Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirildiyi, təkcə paytaxt Bakıda deyil, regionlarda da müasir idman infrastrukturunun yaradıldığı bildirilir. Qeyd edilir ki, görülən bütün bu işlər Azərbaycan idmançıları üçün əlverişli imkanlar yaratmaqla yanaşı, ölkənin beynəlxalq aləmdə idman dövləti kimi nüfuzunun artmasına töhfə verir.
Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycanın dinamik iqtisadi inkişafı, siyasi sabitliyi, dialoq və əməkdaşlığa sadiqliyi bu ölkənin beynəlxalq mövqelərini daha da gücləndirir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir. Azərbaycan həm də dünyada etibarlı və sadiq tərəfdaş kimi tanınır, ikitərəfli əlaqələrini genişləndirir, BMT, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda fəal iştirak edir. 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkənin beynəlxalq miqyasda qazandığı etibarı bir daha nümayiş etdirdi.
Qeyd edilir ki, əsas tərəfdaşlarla əlaqələrini möhkəmləndirən Azərbaycan Cənub-Şərqi Asiya, Latın Amerikası və Afrika ölkələri ilə də yaxın əməkdaşlıq qurur. Azərbaycanın Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi həmin ölkələrdə humanitar layihələr həyata keçirir.
Nəşrdə bildirilir ki, Azərbaycanın iqtisadi uğurlarının digər səbəbi investorları ölkəyə dəvət edən açıq qapı siyasətidir. Azərbaycanda biznes mexanizmləri sadələşdirilib, sərmayəçilərin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan birbaşa xarici investisiya üçün əlverişli ölkədir. Azərbaycanda digər sahələrdə, xüsusilə kənd təsərrüfatı, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, logistika, nəqliyyat, turizm sahələrində də əlverişli imkanlar mövcuddur. Həyata keçirilən islahatlar bu ölkənin cəlbediciliyini daha da artırır. Azərbaycanın əlverişli coğrafi mövqeyi onu qitələrarası ticarət və nəqliyyat üçün ideal tranzit marşrutuna çevirib. Ölkə nəqliyyat infrastrukturuna böyük həcmdə investisiyalar yatırır.
Jurnalda Azərbaycanda enerji sektoru ilə yanaşı, alternativ enerji sahəsinin də inkişaf etdiyi diqqətə çatdırılır. Bildirilir ki, ölkənin əlverişli coğrafi mövqeyi burada günəş, külək, geometral enerji də daxil olmaqla alternativ enerji mənbələrinin inkişafı üçün gözəl imkanlar yaradır.
Azərbaycanda ictimai xidmətlərin modernləşdirilməsi istiqamətində geniş islahatlar aparıldığını qeyd edən jurnal “ASAN xidmət”i xüsusi vurğulayır. Bildirilir ki, Prezident İlham Əliyevin modernləşmə təşəbbüsü çərçivəsində 2012-ci ildə yaradılan “ASAN xidmət” effektivliyin və şəffaflığın, o cümlədən vətəndaşların dövlət qurumlarına inamının artmasında, korrupsiyaya qarşı mübarizədə böyük rol oynayır. “Elektron hökumət”in inkişafına kömək edən “ASAN xidmət”ə gün ərzində 2500-dən çox vətəndaş müraciət edir.
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsində informasiya-kommunikasiya texnologiyalarının da böyük rolu var. İKT ölkədə digər sənaye sahələrinin inkişafına töhfə verir. Xüsusi buraxılışda Azərbaycanda İKT-nin sürətli inkişafı və enerjidən sonra ən çox investisiya yatırılan sektor olduğu əksini tapır. Jurnal yazır: Azərbaycan mühüm texnoloji yeniliklərə də imza atıb, 2013-cü ildə ilk telekommunikasiya peykini orbitə buraxıb. Azərbaycan həm də MDB məkanında stasionar telefon sistemini rəqəmsallaşdıran ilk ölkədir.
“Foreign Affairs” qeyd edir ki, Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə, nadir təbiətə malik olması, 11 iqlim qurşağından 9-nun burada yerləşməsi onu turizm üçün ideal məkana çevirir. Azərbaycanda müasir turizm infrastrukturu yaradılıb və turistlərin sayı ildən-ilə artır. Bakıda “Four Seasons”, “Marriott”, “Kempinski”, “Hilton”, “Fairmont” “Jumeirah” kimi brend otellər fəaliyyət göstərir. Turizm sahəsinə qoyulan investisiyalar Azərbaycanda bu sahənin parlaq gələcəyindən xəbər verir. Bu il keçiriləcək birinci Avropa Oyunları da ölkəyə turist axınının sürətlənməsində önəmli rol oynayacaq.