Fontu böyüt:
Bu ilin yanvar ayında dünya miqyasında ümumi elektron poçt yazışmasının 74,6%-i spam-məktubların payına düşüb. Bu isə ötən ilin dekabr ayı ilə müqayisədə 4,9% çoxdur. Bu barədə «Intelligence Report» təşkilatının növbəti aylıq hesabatında deyilir.
«APA-ECONOMICS»in məlumatına görə, mütəxəssislər hesab edirlər ki, yanvarın sonunda spamın sayı Kaliforniyanın «McColo» hosting provayderinin bağlanması zamanı müşahidə edilən həddə çıxıb. Amerikanın analitik agentliklərinin verdikləri məlumatlara əsasən, məhz bu şirkətin serverləri kibercinayətkarlar tərəfindən dünya üzrə elektron poçtla kütləvi yayım məqsədi ilə və İnternet şəbəkəsində digər qeyri-qanuni fəaliyyət üçün aktiv istifadə olunub.
Ötən ay tullantı məktubların çoxu «Mega-D» (Ozdoc) botneti vasitəsi ilə yayılıb: bu şəbəkənin heyətinə daxil olan zombiləşmiş kompüterlər hər dəqiqə 26 mln. spam məktubu yayır. Yanvarın nəticələrinə görə, ən böyük botnet milyondan artıq maşından ibarət olan «Cutwail» (Pandex) şəbəkəsidir.
Bundan başqa, lider-botnetlərin ilk onluğuna «Xarvester», «Donbot» və «Waledac» daxildir.