Fontu böyüt:
Söz Azadlığını Müdafiə Fondu (SAMF) respublikamızda müxtəlif parametrlər üzrə söz və mətbuat azadlığının monitorinqini davam etdirir. SAMF-dan verilən məlumata görə, Fond bu dəfə artıq yaşı 10-a çatmış ölkə bələdiyyələrinin fəaliyyətləri ilə bağlı analoji problemləri araşdırıb.
Noyabr ayında aparılan monitorinq nəticəsində məlum olub ki, bələdiyyələrin fəaliyyətinə həsr olunan yalnız iki mətbu orqan - “Bələdiyyə həyatı” və “Şəki bələdiyyəsi” qəzetləri işıq üzü görüb. Birinci mətbu orqanı Bələdiyyə Qulluqçuları Həmkarlar Komitəsinin, ikinci mətbu orqanı isə Şəki bələdiyyəsinin təsisçiliyi ilə ayda iki dəfə olmaqla 1000-1500 tirajla nəşr olunur.
SAMF monitorinq çərçivəsində həmçinin fəaliyyətini bu və ya digər səbəblərdən qapatmış bələdiyyə media qurumları barədə araşdırma aparıb. Belə ki, təşkilatın ekspert qrupunun monitorinqi zamanı o da məlum olub ki, 5 mətbu orqan, 2 jurnal fəaliyyətini maliyyəsizlik ucbatından dayandırıb. Bələdiyyələrin fəaliyyətinə həsr olunan 4 internet resursundan hazırda yalnız bim.az, brm.az və municipality.az saytları istifadədir. Belediyye.org saytı isə fəaliyyətini dayandırıb. İnternet resursları arasında municipality.az saytı gündəlik yenilənir. Digər üç sayt isə qrant proqramı əsasında yaradılıb.