Fontu böyüt:
Artıq bir neçə vaxtdır ki, Azərbaycanın informasiya məkanında önəmli çəkiyə malik olan Azəri-Press Agentliyi (APA) və Turan İnformasiya Agentliyi arasında qalmaqal yaranıb. Tərəflər müxtəlif mətbuat orqanlarında bir-birnin ünvanına ittihamlar səsləndiriblər. SİA məsələyə aydınlıq gətirmək üçün APA-nın baş direktoru Vüsalə Mahirqızı və Turanın baş direktoru Mehman Əliyevin mövqeyni öyrənib. Həmçinin məsələyə tanınmış ekspertlər və mətbuat şurasının sədri Əflatun Amaşov da münasibət bildirib.
APA-nın baş direktoru Vüsalə Mahirqızı:
Mehman Əliyevin APA-ya qarşı belə qərəzli mövqe tutmasının səbəbini bilmirəm. APA-nın fəaliyyət göstərdiyi 5 il ərzində o, bizimlə bağlı müxtəlif təkziblər verib, ayrı-ayrı qəzetlərə zəng edərək APA-nın deyil, onların xəbərlərini dərc etməyi xahiş edib. Beynəlxalq təşkilatlara məktublar yazaraq, bizi iqtidar yönümlü agentlik kimi təqdim edərək bizimlə əməkdaşlıqdan imtina etməyə çağırıb. Mən bütün bunlara əhəmiyyət vermirdim, susurdum. Bizim Avropa Şurası Parlament Assambleyasında (AŞPA) büro açmağımızdan sonra M.Əliyev qəzetlərə çıxaraq APA-nın və mənim haqqımda bir sıra xoşagəlməz ifadələr işlədib. Bu ifadələrdən bir çoxu təhqir xarakteri daşıyıb. O, qeyd edib ki, biz guya büronun açılmasını şişirdirik, burda təcüblü heç nə yoxdur, “Vüsalə Mahirqızının görüşdüyü adamlarla mənim jurnalistlərim pivə içir” kimi fikirlər səsləndirib. Bir dəfə açıqlama verdi, susdum, iki dəfə açıqlama verdi susdum. Dostlarım mənə dedilər ki, səndə münasibət bildir.
Məsələ belədir ki, bizim redaktorlar AŞPA-nın iclaslarına gedəndə orada yeyib-içib döndükdən sonra, Strasburqun gözəliklərini tərifləməklə məşğul olurdular. AŞPA bütün bürolarına göstəriş verib ki, Assambleyanın iclaslarını işıqlandırmaq üçün Azərbaycandan mətbuat orqanlarının redaktorları deyil, müxbirlər gəlsin. Mən bunu ictimaiyyətə açıqladım. Bundan sonra Mehman müəllim çıxdı Yeni Müsavat qəzetinə, APA-nın və mənim ünvanıma təhqirlər yağdırdı. Ötən gün isə o, daha bir mətbuat orqanında Turanın yaranmasından nostaji dolu danışıb və yenə də hədəfində biz olmuşuq. Bilirsiz, kim nə edib Allah canını sağ etsin. Amma biz keçmişdən deyil, indidən danışmalıyıq. Mən yaşlanmamışam, nostaji dolu keçmişdən danışmağa nə vaxtım var, nə də həvəsim. Mən iş görürəm və rəhbərlik etdiyim qurumu inkişaf etdirirəm. Kimin nə etdiyi göz qabağındadır. Mən M.Əliyevin təhqirlərinə cavab vermək istəmirəm. Sadəcə sizin agentliyiniz vasitəsi ilə bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. Mehman müəllim hər yerdə deyir ki, bizim məqsədimiz Turanı meydandan çıxarmaqdır. Axı biz yarananda Turan yox idi. Olmayan şeyi necə meydandan çıxarmaq olar. Təbii ki, yeni yaranmış agentliyin məqsədi rəqabət aparmaqdır. Rəqabət aparmağın isə çox asan yolları var. Oturursan, xəbər yazırsan, işini görürsən, faəliyyətini genişləndirsən. Səndən əvvəl və səndən sonra yaranlar gəlib sənə çata bilmirlər. Bunun üçün nə açıqlama verməyə, nə də kiməsə böhtan atmağa ehtiyac yoxdur. İşləmək lazımdır.
Əgər Mehman müəllim hesab edir ki, mənim görüşdüyüm insanlar aşağı səviyyəli adamlardır, APA-nın əlaqələri zəifdir. O, daha yüksək səviyyəli adamlarla görüşsün, Turan daha yaxşı əlaqələr qursun. Onun APA-nın peşəkarlığından danışmağa haqqı yoxdur. Turan xəbər verdi ki, Bakı meri işdən çıxarılıb, lakin səhəri gün təkzib etdilər. Budur peşəkarlıq? Cümlənin əvvəlində yazmalı olduqları sözü axırda, axırda yazmalı olduqları sözü cümlənin sonunda yazırlar. Azərbaycan dilini təhqir edib pis günə qoyurlar. Bəlkə peşəkarlıq budur, xəbərimiz yoxdur.
Mehman müəllimin ən gülməli ittihamlarından biri də odur ki, Turan xəbərləri APA-dan daha tez qoyur. Mən soruşmaq istəyirəm ki, əgər belədirsə, biz və oxucular bu xəbərləri niyə görmürük. Biz deyə bilərik ki, SİA filan xəbəri bizdən daha tez qoyub və yaxud da APA filan xəbəri SİA-dan daha tez qoyub. Sizinlə bu baxımdan rəqabət aparmaq olar. Turanın isə heç düzgün işləyən bir saytı belə yoxdur. Nə rəqabətdən danışmaq olar.
Bu heç bir etik normalara sığmır ki, hansısa mətbuat orqanın rəhbəri başqa bir mətbuat orqanını və onun rəhbərinin fəaliyyətini təftiş etsin. Bu insan sadəcə günün birində oyanıb ki, bötan atmaq, qalmaqla yaratmaq krizi tutub. Hədəf kimi isə məni seçib. Mən M.Əliyevi bir şəxsiyyət kimi sildim bu gündən. Bundan sonra nə qədər istəyir danışsın. Ona cavab verən deyiləm.
Turan İnformasiya Agentliyin baş direktoru Mehman Əliyev:
Bu qalmaqal haçansa olmalı idi. Bir nəfər ortalığa çıxıb Vüsalə Mahirqızına dur deməli idi. APA yarandığı gündən onun rəbəri başqalarına həmişə hörmətsizlik edib. Öz işini şişirtmək bu insanın əsas fəaliyyəti olub. Hamı agentlik açıb rəhbəri ola bilər. Amma indiyə qədər heç kim deyə bilməz ki, M.Əliyev desin ki, mənim agentliyim ən güclüdür, ən peşəkardır. Hamı kimi bizdə işləyirik.
Bu qalmaqal ondan başladı ki, APA AŞPA-da büro açdı və bunu şişirdib dünya ilə bir etdilər. Məndə öz fikrimi bildirdim ki, AŞPA-da büro açmaq olar, lakin bu o qədər də səmərəli addım deyil. Bu fikirlərimdən sonra o, başladı Turanın və mənim ünavnıma böhtanlar yağdırmağa. Təbii ki, bu Turanın imicinə zərbə vurmaq məqədi daşıyır. Vüsalə xanım deyir ki, Turan nüfuznu itirib, bazardan çıxıb. Yaxşı, indi deyin görək mən nə vaxtı hansısa agentliyin ünvanına belə ifadələr səsləndirmişəm. Bu sadəcə Mahirqızının subyektiv fikirləridir. Turan var, işləyir, kifayət qədər oxucusu var və daima inkişaf edəcək.
Turanı kim və ya kimlərsə maliyyələşdirmir. Vüsalə xanımın isə hansı mənbədən pul aldığını bütün Azərbaycan bilir. Qısa zamanda çox böyük bir işçi qüvvəsi saxlamaq, onlara yüksək əmək haqqı ödəmək, maşınlar almaq, avadanlıqlar almaq hansısa mənbədən pul almadan mümkün deyil. Azərbaycanın informasiya məkanı və reklam bazarının hansı vəziyyətədə olması aydındır. Mənə daima təklif olunan bütün qrantlardan imtina edirəm. Yeganə maliyyə qaynağım abunəçilərimdir. O, deyir ki, guya mən hansısa vaxt mənə verilən pulları qiymətli kağızlara qoymuşam, hansısa mülk almışam. Bunlar böhtandır. Vüsalə xanım bunun arxasında dura bilməyəcək. Mən deyirəm ki, əgər o kişi qızıdırsa, ortaya faktlar qoysun ondan üzr istəyim. Yeni Müsavat qəzetinə müsahibəsində özü deyib ki, bir yerdən mən maliyyələşdirilirəm, səkkiz yerdən isə Turan. Bunula o, etiraf edib ki, APA hansısa məndəbədən maliyyə yardımı alır. Yəqin Vüsalə xanım Azərbaycan dilini bilmir.
Bu gün APA-nın oxucularının sayı Azadlıq qəzetinin, yeni Müsavat qəzetinin oxucularının sayından azdır. Baxmayaraq ki, bu qəzetlərdən qat-qat çox maliyyə imkanları var. Bu qeyri peşəkarlığın göstəricisidir. Bunlar oturub Qabil Abbasoğlu ilə peşəkarlıq dərsi keçirlər. Qabil Hüseyinli elə işləyən idisə, Gün Səhər qəzetini saxlayaydı. Onların əməllərindən bütün redaktorlar bezib.
Media hüquqları üzrə ekspert Rəşid Hacılı:
Media qurumları olaraq hər iki agentlik Azərbaycanda kifayət qədər tanınıblar. Onların bu gün bir-biri ilə belə davranması jurnalist həmrəyiliyinə ciddi zərbədir. Belə debatlar müəyyən etik normalar çərçivəsində aparılmalıdır. Bu baxımdan, onların bir qədər etik normalara qayıtması vacibdir. Mən hesab edirəm ki, tərəflər bunu edəcəklər. Əks halda oxucuların bu media orqanlarına inamı azalacaq.
Mətbuat Şurasının sədri Əflatun Amaşov:
Mən hesab edirəm ki, tərəflərin bu məsələni mətbuatın gündəminə çıxarmaları və mətbuat vasitəsi ilə bir-birlərinə ittihamlar səsləndirmələri düzgün deyil. Mən hər iki tərəfin nümayəndəsi ilə görüşmüşəm və sabahdan etibarən bu məsələ mətbuatın gündəmindən çıxarılacaq. SİA