Fontu böyüt:
İyulun 9-da Microsoft Azərbaycan şirkəti Bakıda elektron hökumətin formalaşması məsələləri üzrə konfrans keçirəcək. Konfransda firavan cəmiyyətin yaradılması məqsədilə texnologiya, insan və informasiya resurslarının birləşdirilməsi üçün nəzərdə tutulmuş meydança kimi dövlət xidmətlərinin imkanları müzakirə olunacaq.
Konfransda Microsoft Azərbaycan şirkətinin rəhbəri Teymur Axundov və Microsoft Korporasiyasından dəvət olunmuş xüsusi qonaq Andreas Fuxsberger iştirak edəcəklər. Andreas sistem informatizasiyası şəraitində şəbəkədə qarşılıqlı əlaqələrin yaradılması üçün nəzəzrdə tutulan son texnoloji imkanlardan danışacaq. Sosial şəbəkələrin yaradılması və onların dövlət elektron xidmətləri sistemilə inteqrasiyası məsələlərinə xüsusi diqqət veriləcək.
Konfrans 2010-2011-ci illərdə ölkədə «Elektron hökumət»in formalaşdırılması üzrə Fəaliyyət Proqramına uyğun olaraq keçirilir. Təsdiq edilmiş proqramın məqsədi ölkədə «e-hökumət»in formalaşdırılmasının təmin edilməsi və bunun üçün dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq etməklə idarəçilik metod və mexanizmlərinin təkmilləşdirilməsi, e-xidmətlərin göstərilməsinin təşkili, həmçinin vətəndaş və təşkilatların bu xidmətlərdən asan və sərbəst istifadəsi üzrə kompleks tədbirlərin həyata keçirilməsidir.