Fontu böyüt:
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Azərbaycanda fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatlarına (QHT) dəstək göstərilməsi və QHT-lərin “Bakutel-2010” sərgi və konfransına cəlb edilməsi məqsədilə “Qlobal iqlim dəyişikliklərində İKT-nin rolu ” adlı Kiçik Qrantlar Müsabiqəsini elan edir. Müsabiqədə qalib gələn layihələr “Bakutel-2010” sərgisində nümayiş olunacaqlar.
Müsabiqənin ümumi fondu 30 000 AZN təşkil edir. Hər bir layihə üçün nəzərdə tutulan maksimal məbləğ 6000 AZN-dir.
Layihələr 25 iyun 2010-cu il tarixindən23 iyul 2010-cu il tarixinədək iş günləri saat 10.00-dan 18.00-dək RİTN-nin Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsində qəbul olunur. Layihə yalnız Azərbaycan dilində hazırlanmalı, çap və elektron variantları (Times New Roman şriftində) şəxsən təqdim edilməli və ya poçtla göndərilməlidir.
Əlavə 1:Layihə təqdim etmək istəyənlər RİTN-nin təsdiq etdiyi qısa məlumat formasını yükləyə bilərlər.
Layihələr aşağıdakı mövzuları əhatə edə bilər:
IKT-nin ətraf mühitin monitorinqində tətbiqi
Ekoloji ekspertiza sistemlərinin yaradılması
Elektron ekoloji xəritələrin yaradılması
Ekoloji problemlərlə bağlı veb-resursların yaradılması
Azərbaycan təbiətin təbliği ilə bağlı veb-resursların yaradılması
Təqdim olunan layihə 3 bölümdən - 1) layihə təklifi, 2) layihənin icra planı və 3) layihənin büdcəsindən ibarətdir. Təqdim olunan məlumatın həcmi 8 səhifədən (A4 formatında) çox olmamalıdır. Layihə təklifinin giriş hissəsində həmçinin QHT-nin əsas fəaliyyət istiqaməti, QHT-nin texniki imkanları, QHT-nin əsas donor təşkilatları haqqında məlumat verilməlidir. Bundan əlavə QHT-nin fəaliyyətə başladığı dövrdən aldığı qrantlar haqqında məlumat qeyd olunmalıdır. Layihələrin icra müddəti 3 aydan artıq olmamalıdır. Layihə büdcəsi Microsoft Excel proqramında tərtib olunmalıdır və hesablamalar baxımından proqramlaşdırılmalıdır. Hər QHT yalnız 1 layihə təqdim edə bilər.
Layihələri təqdim edən QHT-lər öz layihələrini RİTN tərəfindən təşkil ediləcək Müsabiqə Komissiyasının qarşısında cari ilin 28-29 iyul tarixlərində müdafiə edəcəklər. Müsabiqə Komissiyasının tərkibi və keçiriləcək iclasların qrafiki əvvəlcədən mətbuatda və www.mincom.gov.az internet saytında elan ediləcəkdir. Müsabiqənin nəticələri RİTN tərəfindən 30 iyul 2010-cu il tarixində mətbuatda və www.mincom.gov.az internet saytında elan olunacaqdır.
Qalib gəlmiş layihələrin icrası cari ilin avqust ayının 2-dən başlamalı və noyabr ayının 2-dək başa çatmalıdır. Layihələrin icrası zamanı RİTN tərəfindən daimi olaraq onların monitorinqi keçiriləcək.