Fontu böyüt:
Avropa Birliyinin e-Twining Təhsil portalına qoşulmaq üçün Azərbaycanın rəsmi dəvət alacağı gözlənilir. Azərbaycanın eTwining proqramında iştirakı müəllimlərimizin və şagirdlərin Avropa ölkələrindəki öz həmkarları ilə internet-portal vasitəsilə ünsiyyət qurmaq üçün imkan yaradacaq. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın e-Twining proqramında iştirakı Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa Birliyi tərəfindən keçirilən dəyirmi masada müzakirə olunub. Avropa Birliyinin nümayəndələri Azərbaycanın təhsil sisteminin informasiyalaşıdırılması prosesini nəzərdən keçirərək görülən işləri və gələcək planları yüksək qiymətləndirmiş və ölkənin e-Twining proqramına qoşulması üçün tam hazır olduğunu bəyan ediblər.
Keçirilən dəyirmi masada MDB ölkələri “e-Twining platforması: məktəblər üçün birlik”, “e-Twining: XXI əsrin pedaqoqikası”, “müəllimlərin e-Twining çərçivəsində peşəkar inkişafı”, “internet-təhlükəsizlik” və s. mövzular üzrə geniş məlumat alıblar. e-Twining portalında 101,2 min istifadəçi qeydiyyatdan keçib. Hazırda rortal çərçivəsində təhsilin müxtəlif istiqamətləri üzrə 2,7 min aktiv layihə reallaşdırılır. Avropa komissiyasının təşəbbüsü ilə yaradılan e-Twinning proqramı Avropa ölkələrinin məktəbləri üçün vahid bir internet-platformada ünsiyyət qurmaq məqsədilə reallaşdırılır. Proqram çərçivəsində yaradılan internet-portal vasitəsilə müxtəlif ölklərin məktəbliləri ünsiyyət qurur, bir-birilərinə mədəniyyətləri, tarixləri və insan fəaliyyətinin müxtəlif sahələri haqqında məlumat verə bilirlər. Proqram artıq 5 ildir ki, reallaşdırılır, bu müddət ərzində müxtəlif ölkələrin minlərlə müəllim və məktəbliləri arasında virtual ünsiyyət yaradıblar. ///525-ci qəzet