Fontu böyüt:
Hər zaman sinələrinə döyüb, mənəm-mənəm deyən şou-biznes nümayəndələrinin İnternet səhifələri bərbad vəziyyətdədir.
Xalq artisti Aygün Kazımovanın www.aygun.info saytı baxımsız vəziyyətdədir. Əvvəllər bu ünvanda müğənninin heç olmasa bir neçə fotosu və mahnısına rast gəlinirdisə, indi o da yoxdur. Çünki sayt, ümumiyyətlə, fəaliyyətsizdir.
Xalq artisti Brilliant Dadaşovanın www.brilliantdadashova.com saytı da baxımsız vəziyyətdədir. Sayt yenilənmədiyindən, baxımlılığını itirib. Yalnız müğənni ötən ilin sentyabrında «Masal dünyam» adlı albomunu təqdim etdiyi ərəfələrdə yenilənən sayt yenə yerində sayır.
Xalq artisti Faiq Ağayevin www.faiqagayev.az saytı sanki oxunmadığı üçün toz basan kitaba bənzəyir. 2002-ci il və ona qədər olan vaxtlarda nə baş veribsə, burada rast gəlmək olar. Maraqlı burasındadır ki, müğənni öz saytında hələ də əməkdar artist kimi göstərilir. Yəni xalq artistinin özü də saytına baxmır.
Əməkdar artist Tünzalə Ağayevanın www.tunzale.com saytı fəaliyyətsiz portallar siyahısındadır.
Əməkdar artist Sevda Ələkbərzadənin www.sevda.info saytı üzərində isə yenilənmə işləri gedir. Amma necə? «Gül açdı» albomu və «Şəbi-Hicran» layihəsi haqqında eninə-uzununa xəbərlər təkrarçılığı və bənzərliyi ilə yorucudur. Düzdür, müğənninin nisbətən yeni fotolarına və mahnılarına burada rast gəlmək olar.
Əməkdar artist Azərinin www.azerin.az saytına yarandığı gündən əl gəzdirilmədiyinə görə burada da yeniliklərə rast gəlmədik.
Röyanın www.roya.az saytı ötən ilin dekabrında istifadəyə verilib. Təəccüblüsü burasıdır ki, dəfələrlə sayta daxil olsaq da, ümumi qara fondan başqa heç nə görmədik. Halbuki Röyanın mətbuat katibi Ülviyyə Alovlu bizimlə söhbətində saytın müntəzəm olaraq yeniləndiyini iddia edib. // Bizim Yol
xeberler.az/Ellada