Fontu böyüt:
Azərbaycanda internetin keyfiyyət göstəricilərində problem olduğu məlum həqiqətdir. Bir çox provayder şirkətlərin istehlakçılara elan etdiklərindən bir neçə dəfə az internet təqdim etmələrinə dair iddialara, ictimaiyyətin haqlı narazılıqlarına baxmayaraq, təəssüf ki, bu kimi hallar davam edir. Bu günlərdə Qaynar.info-ya açıqlama verən informasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz də məsələyə diqqət çəkərək, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bu istiqamətdə təcili tədbirlər görməsinin vacibliyini bildirib.
Müştəri etimadsızlığı nəinki provayder şirkətlərin normal fəaliyyətinə səbəb olmur, əksinə onlar istehlakçıları aldatmaqda davam edirlər.
Oxuculardan birinin Qaynar.info-ya verdiyi məlumata görə, o, yeni tikili binada yaşayır və həmin binanı inşa edən tikinti şirkəti yalnız "Bakinternet" şirkətinin ADSL xidmətindən yararlanmağa şərait yaradır: "Yeni tikili binada yaşayıram. Daimi internet istifadəçisiyəm. İstədim ki, ADSL xidmətindən yararlanım. Amma maraqlandıqda məlum oldu ki, yaşadığımız binanı inşa edən tikinti şirkəti yalnız "Bakinternet" şirkətinin ADSL xidmətindən istifadəyə razılıq verir. Görünür onlar arasında bununla bağlı gizli razılaşma var. Adıçəkilən şirkətin xidməti ilə tanış olduqda bir o qədər də razı qalmadım və hələlik "Dial Up" xidmətindən yararlanmağa qərar verdim".
"Dial Up" internet xidmətindən yararlanandan faktiki olaraq internetdən istifadə edə bilmədiyinə diqqət çəkən həmsöhbətimiz söylədi ki, əvəllər internetin sürətində problem olurdusa, hazırda ümumiyyətlə internetə daxil ola bilmir: "Uninet Stream" şirkətinin internet kartları vasitəsilə internetə daxil olurdum. Əvəllər internetin sürət göstəricilərində problem olurdusa, artıq internetə qoşulmaq belə mümkün deyil. Bununla bağlı adıçəkilən şirkətin kartda qeyd olunan 4930707, 5370000 saylı telefon nömrələrinə açdığım zənglərə cavab verilmir. Şirkətdən məqsədli şəkildə telefonlar söndürülür və əlaqə yaratmaq mümkün olmur. Aramsız zənglərdən yalnız biri baş tutub ki, dəstəyi qaldıran şəxs internetin bir müddət olmayacağını, çıxış yolu olaraq müvafiq instansiyalara şikayət etməyimin vacibliyini bildirib. Bu isə öz növbəsində istehlakçıları aldatmaqla yanaşı, həm də müştərilərə meydan oxumaqdır".
//Azər Niftiyev, QayNar