Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) qeyri-hökumət təşkilatlarına qarşıdakı parlament seçkilərində istifadə etmək üçün Elektron səsvermə və ictimai fikrin müəyyən edilməsi sistemini təqdim edib. Bu barədə nazirliyin məlumatında deyilir.
Yeni sistem seçicilərə şəxsiyyət vəsiqəsinin PİN kodundan istifadə edərək internet saytı vasitəsilə səs verməyə imkan verəcək. Bir vətəndaş-bir səs prinsipi ilə həyata keçirilən sistem səsvermə prosesinin tam anonimliyini təmin edir.
QHT-lərin sifarişləri oktyabrın 30-dan noyabrın 2-dək saat 10:00-dan 18:00-dək Üzeyir Hacıbəyov, 36 ünvanında qəbul edilir. Sifarişlərin elektron formasını /www.rabita.az/ ünvanından əldə etmək olar.
Parlament seçkilərinin keçiriləcəyi seçki komissiyaları fasiləsiz telefon rabitəsi və internet şəbəkəsinə girişlə təmin olunacaqlar.
Seçki prosesinin şəffalığının təmin olunması üçün bir sıra seçki məntəqələrində veb-kameralar quraşdırılacaq. Səsvermənin gedişini online rejimində izləmək mümkün olacaq ki, bu da seçicilərə seçki məntəqələrindən daxil olan nəticələri interaktiv izləməyə imkan verəcək.
Hər bir seçki məntəqəsindən məlumat dairə seçki məntəqələrinə, daha sonra isə Seçkilər məlumat şəbəkəsi mərkəzinə ötürüləcək.
Səsvermə prosedurunun avtomatlaşdırılması üçün Milli Məclisdə səsvermə sisteminin avtomatlaşdırılması üçün yaradılan Seçkilər dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə olunacaq.
Proqram təminatı iki moduldan ibarətdir: birincisi, dairə seçki komissiyalarının informasiya məntəqələri üçün, ikincisi, informasiya mərkəzində administratorun iş yerinin avtomatlaşdırılması üçün. Sistemin əsas funksiyaları bunlardır: səsvermənin gedişinin əks olunması, protokolların kompüterin məlumat bazasına daxil edilməsi, deputatların və siyasi partiyaların adlarının daxil edilməsi, dairə seçki komissiyalarında protokollara yekun vurulması.
Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.