Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti 25-27 fevral tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək informasiya-kommunikasiya texnologiyalarının təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında tətbiqinə həsr olunmuş iclasda iştirak edəcək. Bu haqda
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi internet səhifəsində məlumat verilib.
Qeyd edək ki, SPECA-nın (BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı) bir hissəsi olan həmin tədbirin keçirilməsi haqqında qərar biliyə əsaslanan inkişaf üzrə layihə işçi qrupunun noyabr ayının 12-də Bakıda keçirilmiş ilk iclasında qəbul olunmuşdur.
Tədbir zamanı iştirakçılar tərəfindən təbii fəlakətlərlə mübarizə istiqamətində İKT tətbiqi və regional əməkdaşlıq mexanizmlərinə dair məsələlərinin müzakirə olunacağı gözlənilir.
Bundan əlavə iclas iştirakçıları təbii fəlakətlərin qarşısının alınması üzrə mövcud sistemlərin və xidmətlərin istifadə olunması məqsədilə Mərkəzi Asiya və Qafqaz ölkələri arasında gələcək inkişaf və əməkdaşlığa dair fikir mübadiləsi aparacaqlar.
Həmçinin iclasda iştirak edən ölkələrin nümayəndələrinə bir sıra müvafiq təşəbbüslər, o cümlədən icrası 2007-ci ildə başlanan WINDS (Wideband InterNetworking engineering test and Demonstration Satellite) layihəsi təqdim olunacaq.
Qeyd edək ki, tədbirin təşkilatçıları Qırğızıstan Respublikasının Fövqəladə Hallar Nazirliyi və BMT-nin Asiya və Sakit Okean Ölkələri hövzəsi üzrə İqtisadi və Sosial Komissiyasıdır (UNESCAP).