Fontu böyüt:
Avqustun 28-də Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında bloggerlər Adnan Hacızadə və Emin Millinin Bakıda həbsinə qarşı etiraz aksiyası keçiriləcək. Turanın Vaşinqton müxbirinin verdiyi məlumata görə, aksiyanı “Demokratiya naminə” Amerika-Azərbaycan təşkilatı keçirəcək. Bu ictimai qurum elan edib ki, aksiyanın keçirilməsinə səbəb beynəlxalq ictimaiyyətin Hacızadə və Millini azad etmək çağırışlarına Azərbaycan hökumətinin məhəl qoymamasıdır.
Aksiya təşkilatçılarından biri bildirib ki, rəsmi Bakı sözdə deyir ki, bloggerlərin işi məişət xarakteri daşıyır, lakin iş üzrə məhkəmə iclası qapalı rejimdə keçirilir. Bu göstərir ki, iş siyasi xarakterlidir, deyə mənbə qeyd edib və ABŞ-da yaşayan bütün azərbaycanlıları etiraz aksiyasında iştirak etməyə çağırıb.
Turana diplomatik mənbələrdən daxil olan məlumata görə, tezliklə ABŞ-da Amerika-Azərbaycan “Demokratiya dialoqu” keçiriləcək. Forumda iki ölkə rəsmilərinin, diplomatların və ekspertlərin iştirakı gözlənilir. Tədbir Azərbaycanda demokratiya normalarının inkişaf etdirilməsi məsələsinə həsr ediləcək.