Fontu böyüt:
Azərbaycanın cənubunda "Sosial şəbəkələrdən səmərəli istifadə və internet sahibkarlığına dəstək" layihəsinin icrasına başlanıb. Layihə ölkənin cənub bölgəsində 5 rayonu əhatə edir.
Proqram çərçivəsində Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında sosial şəbəkələrin cəmiyyətdə rolu, internet üzərindən təhsil - distant təhsil, gənclərin İKT-dən səmərəli istifadəsi, internetdən pul qazanmağın yolları və s. kimi mövzular region gənclərinə öyrədiləcək.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının İnformasiya Portalı məlumat yayıb. Bildirilib ki, ilk təlim Astara rayon Pedaqoji Kollecində keçirilib. Təlimdə 20-dən çox tələbə iştirak edib. Seminarda iştirak edən gənclərə İKT, sosial şəbəkələrin faydası, onlardan səmərəli istifadənin, eləcə də internetdən pul qazanmağın yolları və s. haqqında məlumat verilib.
Ardıcıl olaraq təlim-seminarlar digər rayonlarda da təşkil olunacaq. Qeyd edək ki, adıçəkilən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. (ictnews.az)