Fontu böyüt:
Telekanalın AzTV-yə veriləcəyi gözlənilir
Milli Televiziya və Radio Şurası (MTRŞ) ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması üçün elan etdiyi müsabiqə bu gün başa çatıb. Müsabiqəyə yeganə olaraq “Azərbaycan Televiziyası və Radiosu” Qapalı Səhmdar Cəmiyyəti müraciət edib. MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmlinin verdiyi məlumata görə, müsabiqənin nəticələri sabah açıqlanacaq. Müzakirələr isə təxminən bir ay müddətində aparılacaq və Şuranın qərarı barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, N. Məhərrəmli müsabiqənin müddəti uzadıldıqdan sonra iddiaçının yenə də alternativsiz olacağı halda, onun qalib elan olunmasının mümkünlüyünü bildirmişdi: “Əgər alternativ olmazsa, qanunvericilik imkan verir ki, biz yeganə təkliflə çıxış edən “Azərbaycan Televiziyası və Radiosu” Qapalı Səhmdar Cəmiyyətini qalib elan edək”.
Qeyd edək ki, MTRŞ ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna 07 sentyabr 2010-cu il tarixindən 07 oktyabr 2010-cu il tarixinədək təkrar müsabiqə elan edib. Müsabiqənin vaxtı bir dəfə uzadılsa da AzTV-dən başqa müraciət edən olmayıb. Qanunvericilik isə imkan verir ki, yeganə təkliflə çıxış edən “Azərbaycan Televiziyası və Radiosu” Qapalı Səhmdar Cəmiyyəti qalib elan olunsun.
mənbə Qafqazinfo.az