Fontu böyüt:
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi “İş yerindən arayış” elektron xidmətini istifadəyə verib.
Xeberler.az-ın məlumatına görə, dekabrın
2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən “İş
yerinə dair arayış” adlı elektron xidmətinin təqdimat mərasimini keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini İdris İsayev əhaliyə xidmət sisteminin müasir texnologiyalar əsasında
təkmilləşdirilməsi ilə bağlı prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin
icrası istiqamətində işlərin aparıldığını vurğulayıb.
İdris İsayev artıq yeni xidmətin
“Elektron Hökumət” portalında (www.e-gov.az)
yerləşdirildiyini, eyni zamanda nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində eyni adlı
bölməyə daxil olmaqla “Elektron Hökumət” portalındakı həmin xidmətə keçidin
olduğunu bildirib: “Artıq vətəndaşlar işəgötürənə müraciət, vaxt və vəsait sərf
etmədən iş yerindən arayış əldə edə biləcəklər. Belə ki, müxtəlif təşkilatlar
(dövlət və özəl qurumlar, banklar, məktəblər, bağçalar, səfirliklər və s.) vətəndaşdan
iş yerlərinə və əmək haqlarına dair arayış istənildiyi halda, “İş yerindən
arayış” adlı elektron xidməti vasitəsilə bunu əldə edə bilərlər”.
Nazir müavini bildirib ki, vətəndaşlar
yeni elektron xidmətdən istifadə edərək ümumi təyinatlı və ya hər hansı bir
konkret quruma təqdim etmək üçün, əmək haqqı göstərilməklə və ya əmək haqqı
göstərilmədən iş yeri haqqında arayış əldə etmək imkanına malikdirlər. Bununla
yanaşı, iki və daha çox iş yerində aktiv əmək müqaviləsi əsasında çalışdığı
halda vətəndaşa hansı iş yerinə dair arayışı təqdim etməsi üçün seçim etmək
imkanı da verilir.
ƏƏSMN-nin İnformasiya
texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov “İş yerinə dair arayış” elektron
xidmətin texniki imkanları barədə məlumat verib. O, bildirib ki, elektron
arayışda növündən asılı olaraq işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi,
işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və
ya müddətsiz olması, həmçinin arayışın etibarlılıq müddəti kimi məlumatlar
da əksini tapır. Eyni zamanda “İş yerinə dair arayış” elektron xidmət
arayış təqdim olunan quruma bu arayışı formalaşdırmış əmək müqaviləsi bildirişi
üzrə dəyişikliklər barədə məlumatı əldə etmək imkanı verir. Lakin bu məlumatın
ötürülməsi vətəndaşın razılığı şərti ilə və arayışın etibarlılıq müddətində
mümkündür.
Mirvari