Fontu böyüt:
Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanın efir məkanında milli-mənəvi dəyərlərin vəziyyəti ilə bağlı ictimai rəy sorğusu keçirib. Qurumun Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya bildirib ki, sorğu sentyabr ayında Bakı şəhərində 150 respondent arasında aparılıb, analiz və nəticələrin təhlili oktyabr ayında yekunlaşdırılıb.
Sorğuda iştirak edən respondentlərin 11%-i Azərbaycanın efir məkanında milli-mənəvi dəyərlərlə bağlı durumun onu qane etdiyini, 48,7%-i qismən qane etdiyini, 40,3%-i isə qane etmədiyini bildirib. Sorğu iştirakçılarının fikrincə, efirdə neqativ əxlaqi-tərbiyəvi təsirlər (40,2%), aparıcıların bayağı davranışları (57,8%) daha çox narahatlıq doğurur. İştirakçılar hesab edirlər ki, milli-mənəvi dəyərlərin pozulması hallarına əsasən şou verilişlərində (51,3%), xarici teleseriallarda (44,5%) daha çox rast gəlinir. Milli-mənəvi dəyərlərin pozulmasında əsas günahkarlar isə telekanallar (60,5%), verilişlərin aparıcıları (16,5%) və cəmiyyətdir (20%).
İştirakçılar efirdə milli-mənəvi dəyərlərin pozulmasının qarşısının alınması üçün şou verilişlərinin sayını azaltmağı (18,5%) və efirə nəzarəti gücləndirməyi (79,8%) təklif ediblər. Efirdə milli-mənəvi dəyərlərin pozulması halları ilə rastlaşarkən respondentlərin 6,7%-i MTRŞ-nın “qaynar xətt”inə (498-18-82) zəng edir, 91,6%-i isə kanalı çevirir. İştirakçıların 27,6%-i ailə-məişət münasibətlərinin formalaşmasında televiziyanın müsbət, 71,4%-i isə mənfi rolunu hiss edib.