Respublikada daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması, bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın texniki inventarlaşdırılması, qiymətləndirilməsi və daşınmaz əmlakın vahid dövlət kadastr uçotuna alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları" təsdiq edilib.
Respublikada daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması, bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın texniki inventarlaşdırılması, qiymətləndirilməsi və daşınmaz əmlakın vahid dövlət kadastr uçotuna alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları" təsdiq edilib.
Bu fərman daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi ölkədə elektron kadastr xəritələrinin hazırlanmasını və bu sahənin avtomatlaşdırılmasını nəzərdə tutur.
Ötən müddət ərzində fərmanın icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
Komitədən bildirilib ki, vahid dövlət kadastrının tərtibi və aparılması öz məzmununa görə çoxşaxəli iş olub icra texnologiyasına görə müasir bilik, bacarıq və vərdişlər tələb edən işdir. Bu məqsədlə ƏMDK tərəfindən təşkilati və texniki məsələlər həll edilib. İlk olaraq ölkədə daşınmaz əmlakın vahid dövlət kadastrını məlumatlarla təmin etməli olan sahəvi kadastr orqanlarındakı məlumatlar təhlil edilib. Kadastr məlumatların emalı və təhlili müasir informasiya texnologiyalarının və proqram təminatlarının texnologiyanın tətbiqi ilə aparılır. Məlumatların strukturu, informasiyanın dayanıqlığını, tamlığını, dəqiqliyini müəyyənləşdirən göstəricilər kadastr sahəsində böyük təcrübələri olan xarici mütəxəssislər tərəfindən bəyənilib və işlərin keyfiyyətinə nəzarət Dünya Bankının xətti ilə Azərbaycanda həyata keçirilən "Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi çərçivəsində aparılır.
"Həyata keçirilən işlərin nəticəsidir ki, 2012-ci ildə Sumqayıt şəhərinin daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritəsinin tərtibi işi müvəffəqiyyətlə başa çatdırılıb. Bakı şəhərinin Suraxanı və Sabunçu rayonlarında daşınmaz əmlakın kadastrı işləri yekunlaşmaq üzrədir.
Şəhərin tarixində ilk dəfə olaraq, 2015-ci ilin sonuna Bakının müasir tələblərə cavab verən, şəhər təsərrüfatının idarəçiliyinə tam yararlı, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək, ərazinin rəqəmsal kadastr xəritəsi yaradılacaq.
Bu işlərlə paralel olaraq, 2014-cü ilin əvvəlinə respublikanın 53 rayon mərkəzinin, eyni zamanda onlara bitişik böyük qəsəbə və kəndlərin ərazisində (100 min hektar ərazi) sadə modelli elektron kadastr məlumat bazası yaradılacaq, bu ərazilərin rəqəmsal kadastr xəritələri tərtib ediləcək".
2013-cü ilin oktyabrında Gəncə şəhərinin və Şəki rayonunun sistematik ölçmələrlə həyata keçiriləcək kadastr layihələrinin tərtibinə başlanılacaq. 2 il 6 ay ərzində bu iki ərazi subyekti üçün əmlak idarəçiliyində istifadə olunan bütün məlumatları özündə ehtiva edəcək elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi hazırlanacaq.
Komitə tərəfindən aparılan kadastr işləri, eyni zamanda, ölkədə həyata keçirilən genişmiqyaslı layihələrə texniki dəstək xarakteri daşıyır. Son illərdə komitə 100-ə yaxın irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə kadastr işi ilə dəstək verib.
Dünya təcrübəsinə əsasən, kadastr ilə bağlı ölçmə işlərinə özəl qurumlar, fərdi kadastr mühəndisləri də cəlb edilir. Ölkə prezidentinin 27 iyul 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydaları"na əsasən komitə tərəfindən özəl qurumların cəlb edilməsi ilə bağlı qaydalar təsdiq olunub və onların müsabiqə yolu ilə seçilməsi nəzərdə tutulub. Bu müsabiqənin aparılması üçün də hazırlıq işləri görülüb. Müsabiqə iştirakçılarının nəzəri biliklərini qiymətləndirmək üçün məntiq, informatika, geodeziya, kartoqrafiya, fotoqrammetiya, daşınmaz əmlakın kadastrı, ünvan reyestri, daşınmaz əmlak üzərində hüquqların qeydiyyat sahələri ilə bağlı "Test Bankı" yaradılıb. "Mütəxəssis bankı"na daxil olacaq mühəndislərin bilik və bacarıqlarının daim artırılması üçün komitə tərəfindən xüsusi treninqlər, seminarlar təşkil ediləcək.
2009-cu ildə ünvan işinin təşkili və aparılması Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edildikdən sonra ünvanvermə işinin avtomatlaşdırılması, ünvan məlumatlarının emalı, ünvanaxtarmada naviqasiya sisteminin tətbiqi mühüm vəzifələr olaraq ortaya qoyulub. Bu işlərin nəticəsi olaraq Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) yaradılması ön plana çəkilib və 2012-ci ilin sonunda bu sistem yaradılıb. Ünvan işlərinin keyfiyyətli icrasını təmin etmək üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Standarı" hazırlanmış və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənib. Bakı şəhəri üzrə 1000-ə yaxın küçə və prospektdə giriş ünvanları təyin edilib və həmin işlər hazırda davam etdirilir.
Azərbaycan Hökuməti ilə Dünya Bankının birgə həyata keçirdiyi "Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi çərçivəsində Bakıda nəqliyyatın intellektual idarəolunması üçün 3D formatında rəqəmsal xəritələrin tərtibi işləri həyata keçirilir. Hazırlanmış rəqəmsal xəritələr "Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsinin məhsulu olan ortofotoçəkilişlərin rəqəmsallaşdırılması nəticəsində şəhərin yol şəbəkəsinin rəqəmsal sxemidir. Atılan bu addımlar yeni qaydalara əsaslanan, müasir və keyfiyyətli ünvanvermə sisteminin qurulmasına xidmət edir. (ictnews.az)