Fontu böyüt:
Cari ilin noyabr ayının 1-dən etibarən Gürcüstan əhalisi üçün kompüterlərin əldə olunması üzrə güzəştli proqram start götürəcək. Vətəndaşlar gündə bir lari ödəməklə (1 ABŞ dolları – 1,84 lari) möhlətlə kompüterlər əldə edə biləcəklər. Bu barədə hökumət iclasında Gürcüstanın baş naziri Nika Qilauri bildirib.
Layihənin Intel şirkəti ilə birgə reallaşdırılması planlaşdırılır. Gürcüstan Təhsil və Elm Nazirliyi artıq Intel ilə danışıqları başa çatdırıb və oktyabrın 22-də yekun saziş imzalanacaq.
Layihəyə Gürcüstanda fəaliyyət göstərən banklarım cəlb olunacağı da nəzərdə tutulur, möhlət müddəti isə iki il olacaq. Həmçinin qeyd olunub ki, müasir portativ kompüter əldə etdikdə ölkə vətəndaşları günə bir deyil, üç lari ödəməli olacaqlar.
Qeyd edək ki, Azərbaycanda artıq ötən ildən “Xalq kompüteri” layihəsi uğurla həyata keçirilir. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə həyata keçirdikləri layihənin başlıca məqsədi əhalinin güzəştli şərtlər əsasında kompüterlərlə təmin olunmasıdır. Layihə çərçivəsində HP kompüterləri bazar dəyərindən 25-40% aşağı qiymətlərlə 12 ay müddətinə faizsiz kreditlə əhaliyə təqdim olunur. “Xalq kompüteri” çərçivəsində təqdim olunan bütün kompüterlər Microsoft-un lisenziyalı proqram təminatı ilə təchiz edilib.
mənbə: riyadmedia.com