Fontu böyüt:
Milliyyətcə serb olan, bu günsə artıq bəşəriyyətə məxsus dünya şöhrətli alim, mühəndis, fizik, elektrotexnika və radiotexnika sahələrində son dərəcə əhəmiyyətli ixtiralara imza atmış Nikola Tesla haqqında bu məqaləni yazmağa məni sosial şəbəkələrdən birinin internetdə yayımlanan kanalının Bakı şəhərində apardığı sorğu zamanı gənclərimizin əksəriyyətinin Tesla barədə heç bir məlumata malik olmadıqlarını etiraf etmələri məcbur etdi.
Tesla 10 iyul 1856-cı ildə keçmiş
Avstriya-Macarıstan imperiyası, hazırda isə Xorvatiyanın ərazisində yerləşən
Smilyan kəndində keşiş ailəsində anadan olub. Uşaqlıq və ilk gənclik illərini
Avstriya-Macarıstanda keçirib, daha sonra Fransa və ABŞ-da işləyib, 1891-ci ildə
ABŞ vətəndaşlığına qəbul edilib.
Atası onun dini işlərlə məşğul
olmasını istəyirdi. Lakin 1873-cü ildə Teslanın tutulduğu vəba xəstəliyi onun həyatında
dönüş nöqtəsi olur. Bu barədə Tesla öz xatirələrində belə yazır: “Uşaqlıqdan mənə
keşiş yolu nəzərdə tutulmuşdu. Bu gələcək bir qara bulud kimi mənim üzərimdə
asılmışdı. İmtahanlarımı verib yetkinlik şəhadətnaməsi alanda mən bir yol
ayrıcında idim. Mən atamın sözündən çıxmalı, anamın sevgi dolu istəklərinə məhəl
qoymamalı, yaxud da taleyə boyun əyməli idim. Bu fikir məni sıxır və mən gələcəyə
qorxu ilə baxırdım. Mən valideynlərimə çox hörmətlə yanaşırdım və buna görə də
ruhaniyyət elmləri ilə məşğul olmağa qərar verdim.
Məhz həmin vaxt əhalinin onda
birini qıran dəhşətli vəba epidemiyası yayılmağa başladı. Atamın tapşırığına
baxmayaraq mən məktəbi bitirdiyim digər şəhərdən evə qayıtdım və vəba məni də
yaxaladı. Daha sonra vəba bədənimdə şişlərin, ağ ciyərimdə problemlərin və digər
xəstəliklərin yaranmasına səbəb oldu. Doqquz ay yataqda, demək olar, hərəkətsiz
vəziyyətdə xəstəlik sanki mənim bütün həyat gücümü almışdı və həkimlər məndən
ümidlərini kəsmişdilər. Bu, fiziki əzabdan daha çox mənim yaşamaq istəyim üçün
dözülməz təcrübə idi.
Növbəti şiddətli ağrılardan
birində, hər kəsin artıq ölüm ayağında olduğumu düşündüyü vaxt atam sürətlə
otağa girdi və mənə dəstək vermək üçün bu sözləri dedi: “Sən sağalacaqsan”.
Onun mənə ürək-dirək verməyə
çalışdığı səs tonu ilə inandığı arasında təzad təşkil edən ölümcül bəyaz üzü
indiyədək gözümün önündədir. Mən cavab verdim: “Əgər mühəndis işini öyrənməyimə
icazə versən, bəlkə də sağaldım”.
“Sən Avropanın ən yaxşı təhsil müəssisəsinə
daxil olacaqsan” deyə o təntənəli surətdə cavab verdi və bunu edəcəyini anladı.
Mənim qəlbimdən böyük bir yük
götürüldü. Lakin əsl təsəlli yaşlı bir qadının lobya bulyonu ilə möcüzəli şəkildə
məni sağaltmasından sonra gəldi. Burada təlqin, yaxud sirli bir təsir gücü yox
idi. Bu vasitə tam mənada şəfa və çıxılmaz vəziyyətdə qəhrəmanlıq mənbəyi idi
ki, o da öz təsirini göstərdi”.
Qeyd olunmalıdır ki, Tesla əsasən
sənaye inqilabının ikinci mərhələsi kimi adlandırılan dövrün yaranmasına rəvac
verən dəyişən cərəyan, çoxfazalı sistemlər və elektrik mühərriki əsasında işləyən
qurğunun yaradılması sahəsində elmə verdiyi töhfəyə görə məşhurlaşıb.
Teslanın tədqiqat diapazonu çox
geniş olub. O, fırlanan maqnit sahəsi fenomenini aşkar edib ki, bunun əsasında
elektrik generatorları inşa olunub. 1889-cu ildən yüksək tezlikli və yüksək gərginlikli
elektrik cərəyanlarını araşdırmağa başlayıb, elektromexaniki generatorların və
yüksək tezlikli transformatorların (Tesla transformatoru, 1891-ci il) ilk nümunələrini
icad edib və bununla da elektrotexnikada yeni sahənin inkişafına yol açıb.
Onun elmi patentləri o qədər
çoxdur ki, hətta onların mövzularını sadalamaq belə xeyli zaman alar. Bunların
sırasında elektrik mühərrikləri, elektrik generatorları, transformatorlar,
fluoressensiya lampaları, yüksək tezlikli avadanlıqlar, işıqlandırma sistemləri
və digərlərini nümunə göstərmək olar. Onun siqnalların müəyyən məsafəyə simsiz
ötürülməsi sahəsində işləri radio mühəndisliyinin inkişafına böyük təsir göstərib.
Tesla “teleavtomatlar” adlandırdığı özüyeriyən və radio siqnallar vasitəsilə
idarə olunan bir neçə mexanizm inşa edib, radiolokasiya prinsipini işləyib
hazırlayıb.
1891-ci ildə Tesla ictimai
mühazirə zamanı radiorabitə prinsiplərini izah edib və nümayiş etdirib. 1893-cü
ildə özünü tamamilə simsiz rabitə məsələlərinə həsr edib və qüllə antenasını
icad edib. Həmin il Tesla Popov və Markonini bir neçə il qabaqlayaraq ilk
radioverici dalğa qülləsini inşa edib. Yeri gəlmişkən, 1943-cü ildə ABŞ-ın Ali
Məhkəməsi bu ixtiranın ilk olaraq Teslaya məxsusluğunu təsdiqləyib.
Nikola Teslanın ixtiraları müasir
elektrotexnikanın əsasını təşkil edir. Tesla o zaman üçün dünyada ən böyük
hesab edilən Niaqara Hidroelektrik Stansiyasında istifadə edilən və onun tərəfindən
işlənib hazırlanan 50000 at gücündəki generatorların quraşdırılması ilə beynəlxalq
şöhrət qazanıb. Onu demək kifayətdir ki, dünyada ilk dəfə inşa olunan bu
elektrik stansiyasında tətbiq edilmiş 13 patentin 9-u Teslaya məxsusdur. Bu
layihənin maliyyələşməsində Morqan, Astor, Rotşild və Vanderbilt kimi o zamanın
ən varlı insanları iştirak ediblər.
Bununla yanaşı Tesla efirin
mövcud olduğu fikrinin tərəfdarı kimi də tanınır. O, materiyanın xüsusi forması
kimi texnikada istifadə oluna biləcək efirin mövcudluğunu isbat etmək üçün
çoxsaylı tədqiqatlar, təcrübələr aparıb.
Onu da qeyd etmək lazımdır ki, bu
gün dünyada maqnit cərəyanı sıxlığının ölçü vahidi Teslanın adını daşıyır.
Müasirləri Teslanı “XX əsri kəşf
etmiş insan” və müasir elektrik enerjisinin “müqəddəs hamisi” kimi dəyərləndirirdilər.
Radionun nümayiş etdirilməsindən və daimi, yaxud dəyişən cərəyanın istifadə
olunması uğrunda Tomas Edisonla Nikola Tesla arasında gedən “Cərəyanlar müharibəsi”ndə
sonuncunun qalib gəlməsindən sonra Tesla görkəmli ixtiraçı və mühəndis-elektrotexnik
kimi tanınmağa başlayıb. Teslanın ixtiraları müasir elektrotexnikanın əsasını
qoyub və o zamanlar çox mühüm innovativ əhəmiyyət kəsb edib.
Teslanın çoxsaylı mükafatları
sırasında Elliot Kresson qızıl medalını (1894), Con Skot medalını (1934), Ağ
Şir Böyük xaç ordeninin kavalerini (1891) və 2-ci dərəcəli I Knyaz Danilo
ordeninin kavalerini göstərmək olar. 1915-ci ildə Tomas Edison və Nikola Tesla
eyni vaxtda Nobel mükafatına namizəd kimi təqdim olunub və onlara bu mükafatı
yarı bölmək təklif edilib. Lakin hər iki ixtiraçının bir-birinə antipatiyası
onların hər ikisinin bu mükafatdan imtina etməsi ilə nəticələnib. 1917-ci ildə
Teslaya Tomas Edison medalı təqdim edilib, lakin o, bu mükafatı qəbuldan
israrla imtina edib.
Edisonla Tesla arasında elmi rəqabət
xaricində mövcud olmuş qarşılıqlı antipatiyanın səbəblərinin oxucuya daha çox
aydın olması üçün, zənnimcə, burada Teslanın keşməkeşli və mübarizə ilə keçən həyatına
qısa bir baxış keçirməyimiz məqsədəuyğun olardı.
Daha öncə gördüyümüz kimi, vəba xəstəliyindən
sonra atası vədinə əməl edərək 1875-ci ildə Teslanı indiki Avstriyanın cənub-şərqindəki
Qrats şəhərindəki ali texniki məktəbə göndərir. Tesla burada elektrotexnika sahəsində
elmi biliklərə yiyələnməyə başlayır və elektrotexnika üzrə mühazirələrdə Qramm
maşınını müşahidə edərək bu sabit cərəyan aparatının təkmil olmadığı qənaətinə
gəlir. Lakin professor Yakov Peşel onun ideyasını kəskin tənqid edərək bütün
kursun önündə elektrik mühərrikləri üçün dəyişən cərəyanın istifadəsinin
mümkünsüzlüyü barədə mühazirə oxuyur.
1879-cu ildə Teslanın atası vəfat
edir və ailəsi ciddi maddi imkansızlıqla üzləşir.
Dayıları Petar və Pavlın maddi dəstəyi
sayəsində Tesla 1880-ci ildə Praqa Universitetinin fəlsəfə fakültəsinə qəbul
olur. Lakin sadəcə bir semestr oxuduqdan sonra iş axtarmaq məcburiyyətində
qalır.
1882-ci ildə Tesla Budapeştdə
telefon xətlərinin çəkilməsi və mərkəzi telefon stansiyasının inşası ilə məşğul
olan dövlət teleqraf şirkətində mühəndis-elektrik işləməyə başlayır. Həmin ilin
fevral ayında Tesla daha sonra “fırlanan maqnit sahəsi” adını almış elektrik
mühərriki fenomenini necə istifadə etmək üsulunu tapır. Lakin teleqraf şirkətindəki
işi Teslaya dəyişən cərəyan elektrik mühərrikinin yaradılması fikrini həyata
keçirməyə imkan vermirdi. Buna görə o, 1882-ci ilin sonu Parisdəki “Kontinental
Edison” şirkətinə (Continental Edison Company) işə düzəlir. Şirkətin ən böyük
işlərindən biri Strasburqda dəmiryolu vağzalı üçün elektrik stansiyasının
inşası idi. 1883-cü ildə şirkət Teslanı yeni dəmiryolu vağzalının inşası zamanı
işıqlandırma sistemində meydana gəlmiş problemlərin həlli üçün Strasburqa göndərir.
Buradakı asudə vaxtlarında Tesla sinxron olmayan elektrik mühərriki modelinin
hazırlanması üzərində işləyir və 1883-cü ildə bu mühərrikin işini Strasburq
meriyasında nümayiş etdirir.
1884-cü ilin yazında
Strasburqdakı dəmiryolu vağzalındakı işini uğurla başa çatdıran Tesla şirkətdən
bu iş üçün nəzərdə tutulan 25 min dollar məbləğində mükafatı almaq ümidi ilə
Parisə qayıdır. Lakin qısa zaman sonra bu mükafatı ala bilməyəcəyini anlayan
Tesla təhqir olunmuş halda işdən istefa verir.
İxtiraçının ilk bioqraflarından
biri B.Rjonsnitski yazır: “Teslanın ilkin fikri Peterburqa getmək idi. Çünki həmin
illərdə Rusiyada elektrotexnikanın inkişafı sahəsində xeyli mühüm araşdırma və
ixtiralar edilmişdi. Pavel Yabloçkovun, Dmitri Laçinovun, Vladimir Çikolevin və
digərlərinin məqalələri dünyanın elektrotexnika jurnallarında çap olunur və
onların adları bütün ölkələrin elektriklərinə, o cümlədən Teslaya yaxşı tanış
idi”.
Lakin son anda “Kontinental” şirkətin
administratorlarından biri Çarlz Beçlor Teslanı Rusiya əvəzinə ABŞ-a getməyə
inandıra bilir və öz dostu Tomas Edisona belə bir məzmunda tövsiyə məktubu
yazır: “Belə bir istedada Rusiyaya getməyə imkan vermək bağışlanmaz səhv
olardı. Cənab Edison, siz hələ mənə bu gənci Peterburqa getmək fikrindən
daşındırmaq üçün bir neçə saatımı səfər etdiyimə görə minnətdar olacaqsınız. Mən
iki dahi insan tanıyıram – bunlardan biri siz, ikincisi isə bu gənc
oğlandır”.
1884-cü ilin iyul ayında Tesla
Nyu-Yorka gəlir və Tomas Edisonun şirkətində (Edison Machine Works) sabit cərəyan
elektrik mühərriklərinin və generatorların təmiri üzrə mühəndis kimi işə
başlayır. Edison Teslanın yeni ideyalarını son dərəcə soyuq qəbul edir və gənc
ixtiraçının şəxsi mülahizələrinə qarşı zaman keçdikcə daha açıq etirazını
bildirməyə başlayır. 1885-ci ilin yazında Edison özünün ixtira etdiyi sabit cərəyan
elektrik maşınını konstruksiya baxımdan yaxşılaşdıra biləcəyi təqdirdə Teslaya
50 min dollar (hazırkı ekvivalenti ilə təqribən 1 milyon dollar) vəd edir. Tesla
həvəslə işə başlayır və qısa müddət sonra Edison maşınının yeni komutator və tənzimləyici
ilə istismar xüsusiyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış 24 müxtəlif
variantını təqdim edir. Edison bütün təkmilləşmələri qəbul edir, Teslanın
mükafat barədə sualına isə: “Miqrantlar amerikan yumorunu pis başa düşürlər” şəklində
cavab verir. Təhqir olunmuş Tesla dərhal istefa verir.
Edisonun şirkətindəki bir illik fəaliyyəti
Teslaya işgüzar dairələrdə tanınmağa imkan yaradır və o, Nyu-Yorkda öz
laboratoriyasını açaraq bəşəriyyətin gələcəyi naminə yuxarıda bir neçəsini qeyd
etdiyimiz öz ixtiralarına imza atır.
Tesla 7 yanvar 1943-cü ildə
Nyu-York şəhərində vəfat edib. Tesla hər zaman ona mane olmamağı tələb edirdi.
Hətta Nyu-Yorkdakı otel otağının önündə hər zaman bu barədə lövhəcik asılı
olardı. Onun cənazəsini ölümündən iki gün sonra “Nyu-Yorker” otelinin direktoru
və xadiməsi aşkar etmişdi. Həmin il yanvarın 12-də Teslanın cənazəsi yandırılır
və külün olduğu qab Nyu-York şəhərindəki Frenkliffisk qəbiristanlığında yerləşdirilir.
Daha sonra bu qab Belqrad şəhərindəki Nikola Tesla Muzeyinə gətirilir.
Bu gün “2244 Tesla” adlı kiçik
planet, Serbiyada “Nikola Tesla Hidroelektrik Stansiyası”, Belqrad şəhərində
Nikola Tesla Muzeyi və Arxivi, Nikola Tesla adına Beynəlxalq Hava Limanı,
ABŞ-da elektrik mühərriki ilə işləyən avtomobillər istehsal edən “Tesla”
zavodu, texniki sahədə nailiyyətlərə görə illik əsasda verilən “Nikola Tesla
Mükafatı”, Xorvatiyada hər il 10 iyulda qeyd edilən “Nikola Tesla” milli günü
mövcuddur.
Teslanın adı Azərbaycanda da məhz
Prezident İlham Əliyevin təşəbbüsü ilə əbədiləşdirilib, Bakı şəhərində onun
abidəsi ucaldılıb. 2013-cü ilin 9 fevral tarixində bu abidənin rəsmi açılış mərasimində
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və həmin vaxt ölkəmizdə
rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti cənab Tomislav Nikoliç
iştirak ediblər. Sevindirici haldır ki, qeyd olunan səfər çərçivəsində iki ölkənin
dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Serbiya Respublikası
arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” kimi
tarixi sənəd imzalanıb, bu da məlum olduğu kimi dövlətlərarası münasibətlərdə ən
yüksək səviyyədir.
Eyni zamanda onu da iftixarla
qeyd etmək istərdim ki, yaxın günlərdə AMEA-nın prezidenti cənab Akif Əlizadənin
başçılıq etdiyi nümayəndə heyətinin Serbiyaya səfəri planlaşdırılıb. Səfər
zamanı AMEA ilə Serbiya Elm və İncəsənət Akademiyası (SANİ) arasında əməkdaşlıq
sazişinin imzalanması nəzərdə tutulur. Şübhəsiz, öz tarixi şəxsiyyətləri, alimləri,
ziyalıları ilə fəxr edən, zəngin və keşməkeşli tarixi ilə xeyli bənzərliyi olan
Azərbaycan və serb xalqları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə
mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi qarşılıqlı
olaraq xalqlarımızın intellektual səviyyəsinin yüksəlməsinə, dünya görüşlərinin
artmasına öz töhfəsini verəcək.
Eldar
Həsənov (Azərbaycanın
Serbiya, Bosniya və Herseqovina, Monteneqrodakı fövqəladə və səlahiyyətli səfiri)
Mənbə: mediaforum.az
Foto: Nikola Teslanın Bakıdakı abidəsi