Fontu böyüt:
Azərbaycandan 60-dək, Estoniyadan isə 20-dək şirkət və təşkilat iştirak edəcək forumun məqsədi iqtisadi sahədə ölkələrarası əlaqələrin genişləndirilməsi, ölkələrin İKT sahəsindəki inkişaf vəziyyəti barədə məlumat mübadiləsinin aparılması və birgə əməkdaşlıq istiqamətləri və layihələrinin müzakirə edilməsidir.
Tədbirdə Azərbaycanda İKT sahəsindəki inkişaf siyasəti, görülən kompleks tədbirlər, həyata keçirilən layihələr barədə məlumat veriləcək. Bundan əlavə forum çərçivəsində Estoniya təmsilçiləri tərəfindən öz təcrübələri barədə məlumatların təqdim ediləcəyi nəzərdə tutulub.
Rəsmi çıxışlardan sonra müxtəlif məsələlər üzrə panel müzakirələr aparılacaq.
Qeyd edək ki, keçən ilin sentyabrında dövlət orqanlarından bir qrup nümayəndə Estoniyada səfərdə olmuş və onların dövlət hakimiyyətində İKT tətbiqi təcrübəsi ilə tanış olunmuşdur. Noyabr ayında isə “BakuTel-2008” sərgi-konfransında Azərbaycan-Estoniya İKT-seminarı keçirilmişdir və Estoniya mütəxəssisləri həyata keçirilmiş layihələr barədə ətraflı məlumat vermişdir.
İKT-nin inkişafı sahəsində mövcud oxşarlıqlar və müsbət nəticələr baxımından ölkələrin təcrübəsi qarşılıqlı maraq doğurur. Bu səbəbdən İKT sahəsində əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında münasibətlərin yaranması ümumi maraqlara uyğundur və gələcək tərəfdaşlığa müsbət nəticələr verə biləcək. Sabah başlayan forum isə bu istiqamətdə növbəti bir addım olacaq.