Fontu böyüt:
Aprelin 1-dən etibarən CATEL şirkətinin (“Fonex” operatoru) ölkə üzrə şəbəkəsində ciddi problem yaranıb. “Yeni Müsavat”a müraciət edən şirkət abunəçilərinin sözlərinə görə, bir müddətdir ki, öz telefonlarından istifadə edə bilmirlər: “CATEL-in rəsmi satış yerlərinə gedib telefonu geri qaytarmaq istəsək də götürmürlər. Şirkətə də zəng edirik, deyirlər bu gün, ya da sabah işləyəcək. Konkret açıqlama verən yoxdur”. Rəsmi dilerlərlə işləyən satıcılar isə bu telefonların satılmadığından şikayətlənirlər. CATEL abunəçiləri bu xidmət operatorunun bir müddətdir işləməməsini bilavasitə mitinqlərlə əlaqələndirirlər və bunu informasiya azadlığının məhdudlaşdırılması kimi qiymətləndirirlər.
Digər bir məlumata görə, CATEL-in fəaliyyətindəki problem texniki nasazlıqla bağlı deyil. Bu, şirkətə edilən təzyiqlərlə bağlıdır.
Qeyd edək ki, hazırda CATEL-in 140 mindən çox abunəçisi var. Deməli, istənilən halda istehlakçıların hüquqları pozulur. Şirkətlə dəfələrlə əlaqə saxlayıb problemin nə ilə əlaqədar olduğunu soruşduqda isə “bu, sırf texniki problemlə bağlıdır” cavabını alırıq.
“CATEL MMC”-nin operatoru Yunis İmanov musavat.com saytına açıqlamasında bildirib ki, şirkət hələ də texniki problemi aradan qaldırmayıb: “Şirkətin avadanlıqları sıradan çıxıb. Artıq problemin böyük hissəsi aradan qaldırılıb. Şirkətin fəaliyyətində yaranan problem gələn həftə öz həllini tapacaq. Abunəçilər narahat olmasınlar. Problemin başqa bir şeylə əlaqəsi yoxdur. Yenə deyirəm ki, qüsur texniki qəza nəticəsində yaranıb. Bu da həllini tapacaq”.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən də şirkətdən verilən açıqlamanı təsdiqlədilər. Bildirdilər ki, şirkətin fəaliyyətində texniki problem yaranıb.
Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, CATEL istehlakçıların hüquqlarını pozur: “İstehsalçı hüquqlarının müdafiəsi haqqında” qanunun müvafiq maddəsinə əsasən istehlakçı onun tələbatını ödəməyən məhsulu geri qaytara bilər. Əgər CATEL istifadəçiləri narazıdırlarsa, aldıqları malı geri qaytarmaqda tam haqlıdırlar".
Şirkətin operatoru isə bildirdi ki, istehlakçılara dəymiş zərər ödəniləcək: “İstehlakçılara dəyən zərərin əvəzində onlara pulsuz günlər veriləcək. Biz mesaj vasitəsilə də abunəçilərə bu barədə məlumat vermişik”.
Məlumat üçün bildirək ki, CATEL şirkəti WLL abunəçilərinə FH-SDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə SDMA standartı ilə rabitə xidmətləri göstərir. CATEL Azərbaycanda müştərilərə telefon, faksimil, İSDN, internet və data xidmətləri göstərən ilk stasionar simsiz rəqəmsal telefon şəbəkəsini qurub. CATEL şirkəti 4 nominalda - 2 AZN, 5 AZN, 10 AZN və 20 AZN qiymətində ödəmə kartlarını təklif edir.
///Yeni Musavat