Fontu böyüt:
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” BakuTel 2009 Sərgisi və Konfransının açılışında olublar.
Sərginin pavilyonları ilə tanış olan dövlət başçısına burada nümayiş olunan məhsullar və xidmətlər haqqında ətraflı məlumat verilib.
İlham Əliyev Azərbaycanın mobil operatorları Azerfon və Azercell Telekom şirkətlərinin 3G yeni nəsil mobil rabitə xidmətləri ilə tanış olub.
Həmçinin Azərbaycan Prezidenti "Dilmanc" layihəsi çərçivəsində hazırlanmış telefon-tərcüməçi sisteminə baxıb. Sistem işdə nümayiş etdirilib və dövlət başçısına telefon-tərcüməçinin ilk bu cür sistem olduğu bildirilib.
Bundan əlavə tədbirdə dövlət başçısı “Transmilli Super İnformasiya Magistralı”na həsr olunmuş stendlə də tanış olub və layihənin həyata keçirilməsinin gedişatı ilə maraqlanıb.
Prezident İlham Əliyev tərəfindən baxılmış stendlər arasında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə həyata keçirdikləri "Xalq kompüteri" layihəsi, eləcədə Azərbaycanın ilkin provayderi olan Delta Telekomun regionda ilk dəfə mobil genişzolağlı WiMAX şəbəkəsinin tətbiqini nümayiş etdirən stend olub.
Dövlət başçısına sərgidə 2011-ci ilin dekabr ayında orbitə buraxılması planlaşdırılan milli peykin təsdiq olunmuş maketi nümayiş etdirilib. Bu təqdimatı peykin yaradılması və orbitə buraxılması üzrə tenderdə qalib gəlmiş “Orbital” şirkəti həyata keçirib.
Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” BakuTel 2009 Sərgisi və Konfransında Prezident İlham Əliyev burada təqdim olunmuş yeniliklərdən razı qalıb və iştirakçılara uğurlar arzu edib.