Fontu böyüt:
Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) ötən ilin dördüncü rübündə və ümumiyyətlə 2010-cu ildə dünya üzrə yarımkeçirici mikrosxem bazarına dair statistik məlumatlar təqdim edib.
Ötən ilin oktyabr-dekabr ayları ərzində istehsalçılar tərəfindən 75,5 milyard dollar həcmində mikrosxem satılıb. Bu rüblük hesabda 4 faiz aşağı, illik hesabda isə 12,2 faiz yüksək göstəricidir. Analitiklər qeyd edir ki, 2010-cu ilin yekunları üzrə yarımkeçirici məhsullar bütün kateqoriyalar üzrə ikirəqəmli artım faizləri nümayiş etdirib. Bazarın ümumi həcmi isə rekord 298,3 milyard dollara çatıb və bu, 2009-cu ilin göstəricisindən (226,3 milyard dollar) təxminən 32 faiz artıqdır. Yarımkeçirici mikrosxemlərin ən böyük satış bazarı isə Asiya-Sakit Okean regionudur.
Burada 2010-cu ildə müvafiq satış həcmi 160 milyard dollar olub. ABŞ-da bu rəqəm 53,7 milyard, Avropada isə 38,7 milyard dollar təşkil edib. Mütəxəssislər 2011-ci ildə sahənin artım tempinin bir qədər zəifləyəcəyini və 9 faiz olacağını proqnozlaşdırırlar.