Fontu böyüt:
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (İTİ) ölkəmizdə formalaşmaqda olan informasiya cəmiyyətinin məqsəd və vəzifələrini geniş ictimaiyyətə çatdırmaq, həmçinin yeni cəmiyyətin əsaslarını tədris etmək məqsədi ilə müvafiq nazirliklər, təşkilatlar və elmi qurumlarla birgə bir sıra tədbirlər həyata keçirir.
Bu tədbirlərdən biri də “İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinə dair innovativ layihənin reallaşdırılmasıdır. İcrasına ötən ildən başlanan layihəni İTİ Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi ilə birgə həyata keçirir.
İnstitutdan bildiriblər ki, bu elm müəssisəsinin Tədris İnnovasiya Mərkəzində təşkil olunan mühazirədə İTİ–nin direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev tələbə-jurnalistlərə institutun yaranma tarixi, əsas fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib.
R.Əliquliyev kurs çərçivəsində gələcəkdə tədris olunması nəzərdə tutulan internetin meydana gəlməsi və inkişafı, elektron imza və elektron sənəd, fərdi və biometrik məlumatlar, Azərbaycan dili və virtual məkan, elektron vətəndaş problemləri və onların həlli yolları, informasiya iqtisadiyyatı, informasiya cəmiyyəti və jurnalistika və s. mövzularla bağlı məlumat verib.