Fontu böyüt:
Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib. Toplantıda Milli İnternet ünvanların - .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə edilib.
AİF prezidenti Osman Gündüz ölkədə Milli internet ünvanların qeydiyyatı və istifadəsi ilə bağlı vəziyyət haqqında təqdimatla çıxış edib. O, .az domeninin qeydiyyatı sahəsində ciddi problemlərin olduğunu bildirib. Xüsusilə domenlərin qeydiyyatı ilə bağlı qanunvericilikdə nəzərdə tutulduğu qaydada infrastrukturun indiyədək formalaşmamağı ciddi qüsur kimi qiymətləndirilib. O, əlaqədar qurumların iştirakı ilə müvafiq qurumun yaradılmamağı və Qeydiyyatla bağlı Qaydaların olmamağını nəinki qanuna əməl olunmaması , həmçinin İKT-ni prioritet elan edən ölkənin imicinə ciddi zərbə vurduğunu bildirib.
RİTN tərəfindən qeydiyyat prosesi ilə bağlı atılan qeyri-qanuni addımlar, qeydiyyat prosesinə qeyri-qanuni müdaxilələr, əlaqədar qurumlarla razılaşdırmadan milli inzibatçının səlahiyyətinin təsdiq edilməsi ilə bağlı RİTN tərəfindən İCANN a ünvanlanan qeyri-qanuni məktub pislənilib. RİTN-nin qeyri-qanuni müdaxiləsi nəticəsində domen adlarının qeydiyyatında korrupsiya və bürokratiya üçün zəmin yarandığı bildirilib.
Toplantıda Qeydiyyat sahəsində sərbəst və azad rəqabət mühitinin , qeydiyyatlıların seçim meyarlarının və şəffaflığın olmadığı, inhisarçılığın mövcud olduğu, Online sisteminin yaradılmadığı qeyd edilib. Toplantıda AİF üzvləri Nazim Rüstəmov, Firidun Əhmədov, Vahid Qasımov, Ələsgər Məmmədli, hazırda İCANN tərəfindən qeydiyyatla bağlı milli inzibatçı kimi səlahiyyəti təsdiqlənən İNTRANS şirkətinin prezidenti Faiq Fərmanov, AMEA İTİ-nin nümayəndəsi Rəna Qasımova və başqaları çıxış ediblər. Çıxış edənlər qanuna və beynəlxalq normalara uyğun olaraq Qeydiyyat prosesinin qurulmasının, Qaydaların hazırlanmasının, bir daha bununla bağlı RİTN -ə və əgər bir nəticə əldə edilməzsə ölkə prezidentinə müraciətlərin vacibliyi bildirilib. Həmçinin milli internet ünvanların qeydiyyatının legitimləşdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan addımların atılmasının davam etdirilməsi, məhkəməyə müraciət edilməsi məsələsinin də nəzərdə tutulması vacib hesab edilib.
Cari ildə .az domeninin qeydiyyatında qanuna uyğun şəraitin yaradılması və həmçinin ölkədə İnternetin keyfiyyətinin yaxşılaşdırılması məsələlərinin AİF üçün prioritet olacağı qeyd edilib. Toplantıda 9 fevral Beynəlxalq Təhlükəsiz İnternet günü ilə bağlı müzakirələr də aparılıb. Bu il dünyada uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetiriləcəyi qeyd edilib. Hazırda Təhsil nazirliyi sistemində uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi sahəsində müəyyən işlərin görüldüyü, çeşidləmə sisteminin yaradıldığı vurğulanıb. Bu işlərə dəstək məqsədilə AİF və bir sılra digər qurumlar tərəfindən dəstəklənən Uşaqların təhlükəsizliyi ilə bağlı www.netsafe.az Layihəsinin uğurlu alınması üçün zəruri addımlar müzakirə edilib.