Fontu böyüt:
Azərbaycanın Mətbuat Şurası Azərbaycandakı internet-xəbər resurslarında jurnalistlərin peşə davranışı qaydalarının pozulmasına nəzarət edəcək.
Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Azərbaycanda bəzi məqamlarda internet-xəbər resurslarından istifadə olunarkən, insanlar haqqında xəbərlər verilərkən jurnalistlərin peşə davranışı qaydalarının tələbləri pozulur. Mətbuat Şurası bu məsələlərlə bağlı fəaliyyətini genişləndirib. Biz artıq internet-resurslarla bağlı şikayətləri də qəbul edirik, onlara baxırıq. Bu vaxtdan etibarən Şuraya internet-resurslarla bağlı şikayətlər ünvanlanarsa, həmin şikayətləri Mətbuat Şurası qəbul edəcək və araşdıracaq, - Amaşov əlavə edib. Hazırda Azərbaycanda 20-yə yaxın populyar internet-xəbər resursu fəaliyyət göstərir. Onun sözlərinə görə, gələn ilin yanvar ayında internet-xəbər resurslarına nəzarət məsələsi ilə bağlı xüsusi tədbir də keçiriləcək. Həmin tədbirdə bu sahədəki real vəziyyətlə bağlı hesabat təqdim olunacaq. O vaxta qədər araşdırma aparılacaq ki, vəziyyəti öyrənək. Bundan sonra isə həmin sahənin nümayəndələri ilə mütəmadi olaraq birgə fəaliyyət göstərmək və çalışmaq lazımdır ki, materiallar jurnalistlərin peşə davranışı qaydalarına uyğun olsun və çərçivəni aşmasın. Bu sahədə Azərbaycan Mətbuat Şurasının geniş planları var, - o qeyd edib.
Mətbuat Şurasının sədri qeyd edib ki, internetdəki sosial şəbəkələrə də nəzarət etməklə bağlı fikirlər var. Avropa Mətbuat Şuraları Alyansında həmin məsələ müzakirə mövzusu olub. Sosial şəbəkələrə azad istinad mənbəyi kimi yanaşılır. Bu isə bəzən müəyyən təxribatçı məqsədlərin reallaşmasına gətirir. Xüsusilə, bir sıra terror təşkilatları bu şəbəkələr vasitəsilə təbliğatlarını aparırlar. Buna görə də həmin şəbəkələrdə etik davranış qaydalarının necə istifadə olunmasına nəzarət etmək lazımdır, - Amaşov vurğulayıb. Onun sözlərinə görə, artıq bu istiqamətdə Böyük Britaniyada təcrübə var, lakin nəzarət müvəffəqiyyətə nail ola bilməyib. Hələlik bu nəzarətin necə və hansı formada olması ilə bağlı müzakirələr aparılır. Mətbuat Şuraları Alyansının gələn il Rusiyada keçiriləcək toplantısında sosial şəbəkələrə nəzarət məsələsi əsas müzakirə mövzularından biri olacaq, - Şura sədri deyib. Mətbuat Şurası Azərbaycandakı internet-xəbər resurslarında jurnalistlerin pese etikasini riayet etmediklerini soyleyib.