Fontu böyüt:
Stuxnet” kompüter virusu İranın nüvə obyektlərinin işini iflic edib. Almaniyalı proqramçı-mütəxəssis Ralf Langerin (Ralph Langer) “Yerusəlim Post” (The Jerusalem Post) qəzetinə verdiyi açıqlamaya görə, virus Tehranın nüvə proqramını iki il geri salıb.
Mütəxəssisin sözlərinə görə, virusun törətdiyi fəsad, insan itkisi istisna olmaqla, böyük bir hərbi əməliyyatın vurduğu ziyana bərabərdir. Langerin dediyinə görə, İran virusdan xilas olmaq üçün nüvə obyektlərinə aid olan bütün kompüterləri zibilxanaya atmalı olacaq. Hətta İran mütəxəssisləri nüvə mərkəzi Natanzda və Buşəhr atom elektrik stansiyasında yerləşdirilmiş bütün avadanlığı da təmir etməli olacaq. Bu isə azı iki ilə vaxt alacaq”.
Alman mütəxəssis həmçinin deyib ki, “Stuxnet” virusunun tərkibi 15 min sətir koddan ibarətdir. Bu isə sadə bir hakerin “əl işi” ola bilməz: “Yəqin ki, “Stunxet”in yaradılması üçün böyük mütəxəssis kollektiv çalışıb”.
O, həmçinin bildirib ki, rəsmilərin oktyabrın 4-də virusdan xilas olmaları barədə açıqlama vermə baxmayaraq, İranın bu virtual epidemiyadan xilas olduğuna inanmır.
Sentyabr ayında “Stuxnet” virusunun İran nüvə obyektlərinin “Siemens” şirkətinin istehsalı olan idarəetmə sistemlərini və kompüter avadanlığını sıradan çıxarması barədə məlumat yayılıb. Bir neçə gün sonra rəsmilər virusun qarşısıalınmazlığı barədə açıqlama veriblər./// yenilik.az