Fontu böyüt:
“Elektron Təhsil” Respublika müsabiqəsində iştirakçıarın qeydiyyatı başa çatmışdır. Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsindən verilən xəbərə görə, iki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq.
Qeyd etmək lazımdır ki, 2010-cu il Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə İKT ili”-nin əsas fəaliyyətlərindən biri olan, “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən müsabiqə Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.
Müsabiqəyə ümumi olaraq 810 layihə təqdim olunmuşdur. Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunmuşdur.
“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə “fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə 307, “ibtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə – 155, “elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyası üzrə isə 297 layihə təqdim olunmuşdur.
“Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə “təhsildə internet resursları” nominasiyası üzrə - 32, “müəllimlərin bloqları” nominasiyası üzrə isə - 19 layihə təqdim olunmuşdur.
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.