Fontu böyüt:
Milli Televiziya və Radio Şurası (MTRŞ) “Ekstremal situasiyalarda telekanalların rolu” mövzusunda tədbir keçirəcək. Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.
MTRŞ sədrinin sözlərinə görə, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciə zamanı telekanalların reaksiyası belə bir toplantının keçirilməsini zəruri edib: “Dövlət Neft Akademiyasında baş verən hadisələr zamanı telekanalların nümayiş etdiyi mövqe məni qane etmədi. Düzdür, hadisə bizim üçün də gözlənilməz idi, hadisə baş verəndən bir qədər sonra da orada dəqiq nə baş verdiyini əksəriyyət bilmirdi.
Telekanallar isə dəqiq informasiya olmadan, şok effekti yaradan xəbərlər, ölüm, qan səhnələri göstərməməli idi. Ciddi problem olduğu üçün mütləq dəqiqləşdirmələr aparılmalı, əhali çaş-baş salınmamalıydı. Təəssüf ki, bizim kanallarda professionallıq hələ də yetərincə deyil. Buna görə də MTRŞ ekstremal situasiyalarda telekanalların fəaliyyəti ilə bağlı tövsiyələrini verməlidir”.
N. Məhərrəmlinin sözlərinə görə, Şura bu problemi telekanal rəhbərləri və televiziya mütəxəssisləri ilə müzakirə edəcək.