Fontu böyüt:
4-7 noyabr 2009 tarixlərində Bakıda keçiriləcək 15-ci yubiley Azərbaycan Beynəlxalq Bakutel 2009 “Telekommunikasiya və İnformasiya Texnologiyaları” sərgisində bir sıra yeni İKT-məhsulları təqdim olunacaq.
Yeni həllər və müasir texnika sərginin 40 faizini təşkil edəcək və Azərbaycanın İKT bazarında ilk dəfə olaraq nümayiş etdiriləcək.
Sərgidə 2011-ci ilin dekabr ayında orbitə çıxarılması planlaşdırılan milli peykin təsdiq edilmiş maketinin təqdimat mərasiminin keçiriləcəyi nəzərdə tutulub. Təqdimat mərasimi peykin hazırlanması və işə salınması üzrə tenderin qalibi “Orbital” şirkəti tərəfindən keçiriləcək.
Həmçinin sərgisində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə həyata keçirdikləri "Xalq kompüteri" layihəsi təqdim olunacaq. Layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompüterlərin və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
“BakuTel” sərgisində 4 noyabr saat 12.15-da “Xalq Kompüteri” stendində (2314 №-li stend) pilot layihənin nəticələri və davam etdirilməsi ilə əlaqədar mətbuat konfransı təşkil olunacaq.
Microsoft Azərbaycan şirkəti isə tədbir çərçivəsində personal kompüterlər üçün ən geniş yayılmış əməliyyat sisteminin ən yeni versiyasının - Windows 7-nin təqdimatını keçirməyi planlaşdırır.
Sərgi çərçivəsində “Azercell Telekom” şirkəti öz novator texnologiyalarını və “3G” xidmətlərini (mobil TV, video zənglər və s.), eləcə də “4G LTE” - 4-cü nəsil texnologiyalarını təqdim edəcək. Bundan əlavə şirkət tərəfindən bir sıra yeni layihələrin diqqətə çatdırılacağı gözlənilir.
“Elektron-imza”, “Elektron-sənəd” kimi digər sosial layihələri bu il Azərbaycanın qabaqcıl İT şirkətlərindən biri və sərginin daimi iştirakçısı olan ULTRA şirkəti təqdim edəcək. Sərgi çərçivəsində şirkət həmçinin “Nexus” noutbuklarının yeni modellərinin təqdimatını keçirməyi planlaşdırır.
“Kür” şirkəti də sərgidə öz yeni modemlərini, kiosklarını, həmçinin çox həssas ekranları olan displeylərini təqdim edəcək.
Azərbaycanın ilkin provayderi olan Delta Telekom regionda ilk dəfə mobil genişzolağlı WiMAX şəbəkəsinin tətbiqini nümayiş etdirəcək. Bu texnologiya 100 km/s sürətlə hərəkət edən avtomobil və ya başqa nəqliyyat vasitəsində 10MB/s sürətlə internete qoşulmaq imkanı verir.
Aztelekom İstehsalat Birliyi tərəfindən isə ənənəvi xidmətlərə birlikdə yeni nəsil şəbəkə avadanlıqları – NGN xidmətlərinin təqdimatı nəzərdə tutulub. Bundan əlavə Aztelekom internet, TV və telefon xidmətləri də sərgidə təqdim edəcək.
Sərgidə Caspelşirkəti Azərbaycanın İT və telekommunikasiya bazarında ilk dəfə olaraq, filial müəssisələr üçün kompleks həll və xidmətlər təqdim edəcək.
R.I.S.K. şirkəti tərəfindən Elektron sənəd dövriyyəsi Sisteminin təqdim olunacağı və aeronaviqasiya üzrə yeni nəsil proqram təminatı toplusunun dünya üzrə bir sıra ölkələrin müvafiq aeronaviqasiya xidmətləri sahəsində uğurla tətbiq edilməsi haqqında ətraflı məlumatın veriləcəyi gözlənilir.
“Nard Integrated Technologies” şirkəti sənaye və ofis obyektlərinin yüksək texnologiyaları sahəsində geniş spektrli xidmətlərini təqdim edəcək. Ekspozisiyanın əsas mövzusu “Ağıllı Ev” (“Smart Home”, “Home Automation”) texnologiyalarına həsr olunacaq.
“Softline International” şirkətlər qrupu aparıcı istehsalçıların (məs., “Microsoft”, “Symantec&VERİTAS”, “Citrix”, İBM, “McAfee”, “Computer Associates”; “Novell”; “Oracle”, “Vmware”, “Corel”, “Adobe” və s.) lisenziyalı proqram təminatını, onların öyrədilməsi və məsləhət xidmətlərini təqdim edəcək.
Nokia Siemens Networks şirkəti tərəfindən mobil, stasionar və konvergent şəbəkə texnologiyalarının, eləcə də konsultasiya, inteqrasiya, sistemlərin təşkili və texniki dəstəyi kimi peşəkar xidmətlərin və operator şəbəkələrinin idarə olunmasına dair xidmətlərin bütün spektrinin nümayiş etdiriləcəyi nəzərdə tutulur.
Sərgidə ilk dəfə iştirak edən şirkətlər də xüsusi diqqət cəlb edir. Belə ki, “İT Solutions” şirkəti korporativ şəbəkələrin layihələndirilməsi və qurulması, bankların fəaliyyətinin avtomatlaşdırılması, həmçinin daxil olmaya nəzarət sisteminin quraşdırılması, perimetr üzrə mühafizə və video-müşahidə sahələri üzrə geniş çeşidli xidmətlər təqdim edir.
Sərgidə ilk dəfə olaraq elektron sənəd dövriyyəsi sistemi olan “LanDox”, “MS Dynamics CRM”, “AX” həll variantları və telefoniya sahəsində “NAV” yeni həll variantları da təqdim olunacaq. Təqdimatın Azərbaycanda nümayəndəliyi olan, eyni zamanda sərgidə ilk dəfə iştirak edən “Azlanit” şirkəti tərəfindən həyata keçiriləcəyi planlaşdırılır.
“SilverKey Azerbaijan” şirkəti öz stendində internet vasitəsilə ödəniş sistemlərini nümayiş etdirəcək. Bu həllər, Azərbaycanda elektron kommersiyanın inkişafına müsbət təsir göstərəcək.
“BakuTel” sərgisinin daha bir debütantı “Caspian NavTel” şirkəti naviqasiya təminatı sahəsindəki yeniliklərlə çıxış edəcək.
“Pirelli Broadband Solutions” müştəriləri ən yeni marşrutlar, işgüzar interfeyslər, eləcə də korporativ və özəl abonentlərin şəbəkəyə qoşulması üçün qabaqcıl təkliflər ilə tanış edəcək.
Bakutel 2009 çərçivəsində aparıcı dünya və Azərbaycan İKT-şirkətlərinin digər yeni məhsulları ilə də tanış olmaq imkanı yaranacaq.