Fontu böyüt:
Dünyanın ən iri aparat şəbəkə avadanlığı istehsalçısı “Cisco Systems” şirkəti dünya üzrə bir neçə min iş yerini ixtisar edəcəyini bildirib.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ixtisar prosesi şirkətin əsas fəaliyyət sahəsinə yönəlməsi, eləcə də qeyri-profilli və gəlir gətirməyən istiqamətlərdən imtina etməsinə dair xüsusi proqram çərçivəsində həyata keçirilir.
“Cisco” rəhbərliyinin planlarına illik xərclərin 1 milyard dollar azaldılması daxildir. Hələ ki, şirkətdə neçə nəfərin işdən azad olunacağı dəqiqləşdirilmir. Bildirilir ki, ilk növbədə pensiya yaşına çatmış əməkdaşlar işdən çıxardılacaq.
Analitiklərin sözlərinə görə, personalın həddən artıq çox olması “Cisco”-nun problemlərindən yalnız biridir. Digər məsələ isə şəbəkə bazarında kəskin rəqabətin olması, bunun nəticəsi olaraq qiymətlərin enməsi və ən nəhayət, istehsalçıların daha az mənfəətlə işləməsi ilə bağlıdır.
Qeyd edək ki, hazırda “Cisco Systems”-in ştatı təxminən 73 min əməkdaşdan ibarətdir.