Fontu böyüt:
Bu gün, Azərbaycan Media Mərkəzində Bloqosfer 2010 forumunun yekunlarına həsr olunmuş mətbuat konfransı keçirildi. Layihənin kordinatoru Azər Nəzərov giriş sözu ilə tədbir açıq elan etdikdən sonra “Bloqosfer 2010” forumundan olan görüntülərdən ibarət videoçarx nümayiş olundu.
Nümayişdən sonra forumun təşkilatçılarından olan İlqar Mirzə və Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz çıxış edərək “Bloqosfer 2010”-un məqsədi, forumda müzakirəyə çıxarılan mövzular, regionlardan foruma olan böyük maraq, yeni media mütəxəssislərinin təşkilatlanması kimi məsələlərə toxundular. Osman Gündüz, bloqçulara güzəştlərin edilməsi, onların internetdən istifadəsinin asanlaşdırılması ilə bağlı fikirlərini bildirdi.
Daha sonra təşkilatçılar media nümayəndələrinin suallarını cavablandırdılar. “ Paytaxtdan əlavə başqa hansı regionların bloggerləri forumda daha aktiv idi?” sualına təşkilatçılar tərəfindən cavab olaraq sıralama bu cür oldu: 1.Sumqayıt 2.Gəncə 3. Şəki və s.
Tədbirdə Bloqosfer 2010 Forumundan müvafiq qurumlara göndəriləcək 20 təklif də media mənsublarının diqqətinə çatdırıldı.
Sonda Unibank ilə birlikdə elan olunmuş bloq yazıları müsabiqəsinin qaliblərinin adları da açıqlandı. Bunlar aşağıdakılardır:
Bloqosfer haqqında ən maraqlı yazı:
Anar Əliyev – Bloqosfer 2010
Rüfət Əhmədzadə – Duzosfer
Hacı Hacıyev (Əhməd Muxtar) – Bloqosferin məzəli kard arxası
Nə üçün Unibank bloqçulara dəstək olmalıdır?:
Tural Babayev – Unibank: “Nə üçün bloqçular?”
Bloqosfer 2010 Azərbaycanda ənənəvi forum və barcamp formatını özündə cəmləşdirən ilk forumdur. Burada üslubundan və sahəsindən aslı olmayaraq (texnoloji, sosial, elmi, ümumi, biznes və s) hər bir bloqçu və yeni müdia mütəxəssisi müzakirələrə qoşula və təkliflərini vermək şansına sahib idi.
Forum “İnformasiya Texnologiyaları, İnternet və Media” İctimai Birliyi (İTİM) və Barkamp Azərbaycanın təşkilatçılığı, Açıq Cəmiyyət İnstitutu –Yardım Fondu və ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Foruma dəstək verənlər sırasında Unibank və Nexus şirkətlərini də xüsusi vurğulamaq lazımdır.
Forum haqqında daha ətraflı məlumatı Bloqosfer 2010-un rəsmi saytından və [email protected] e-mail ünvanından əldə edə bilərsiz.
xeberler.az/Ellada