Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində 20 adda kompüter avadanlığının alınması və quraşdırılması üzrə tender elan edib.
«Azərpoçt»dan «APA-ECONOMICS»ə verilən məlumata görə, tenderdə iştirak haqqı 300 manat təşkil edir. Bütün təkliflərin qiymətləri 8 min dollar təmin edilməlidir. Tender təklifləri bu ilin aprel ayının 13-dək qəbul olunur. Tender prosedurası aprelin 13-də keçiriləcək.
Xatırladaq ki, 2005-ci ilin mayın 24-də imzalanan və həmin ilin oktyabrın 14-dən qüvvəyə minən «Maliyyə xidmətlərinin inkişafı Layihəsi»nin ümumi dəyəri 17,5 mln. ABŞ dollarıdır. Bunun 12,5 mln. dollarını Dünya Bankı Azərbaycana kredit kimi ayırıb, qalan 5 mln. dollar isə Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir. Artıq 2009-cu ilin sonuna kimi layihənin yekunlaşacağı gözlənilir və bununla da «Azərpoçt»un 1200 poçt şöbəsi tam avtomatlaşdırılacaq.
Hazırda isə layihə çərçivəsində Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi qurulur. «Poçt rabitəsi haqqında» qanuna edilən yeni dəyişikliklər əsasında poçt şöbələrində kredit verilmə əməliyyatı istisna olmaqla, digər bank-maliyyə xidmətlərinin göstərilməsi həyata keçiriləcək.
Qeyd edək ki, hazırda Azərbaycanda 65 poçt filialı, 1600-ə yaxın poçt şöbəsi var.