Fontu böyüt:
“Bakutel-2008” 14-cü Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində Azərbaycan Respublikası və Belarus Respublikası arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı üzrə birgə Tədbirlər Planı imzalanıb.
Sənədi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi adından nazir müavini Elmir Vəlizadə, Belarus Rabitə və İnformatizasiya Nazirliyi adından nazir müavini Nikolay Strukov imzalayıblar.
Birgə Tədbirlər Planının imzalanma mərasimində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Belarusun ölkəmizdəki səfiri Nikolay Paskeviç və digər rəsmi şəxslər iştirak ediblər.
Əli Abbasov öz çıxışında imzalanan sənədin hər iki tərəf üçün əhəmiyyətinin yüksək olduğunu, birgə tədbirlər planı iki ölkə arasında İKT üzrə imzalanan ilk sənəd olsa da bu sahədə mühüm addım olduğunu, gələcək əməkdaşlıq üçün yeni imkanlar yaratdığını, bununla da ölkələrimiz arasında əməkdaşlığın yeni bir mərhələsinin başlandığını vurğulayıb və bu münasibətlə mərasim iştirakçılarını təbrik edib.
Belarus səfiri çıxış edərək ölkələr arasında digər sahələrdə olduğu kimi informasiya-kommunikasiya texnologiyaları sahəsində də əməkdaşlığın durmadan inkişaf edərək genişləndiyini və bu münasibətlərin hər iki ölkə üçün əhəmiyyətli olduğunu, regionda lider ölkəyə çevrilən Azərbaycanda İKT-nin sürətlə inkişaf etdiyini və bu ölkə ilə əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını vurğulayıb.
Qeyd edək ki, birgə Tədbirlər Planında növbəti ildə biznes-forumun keçirilməsi, kadr hazırlığı və digər məsələlər öz əksini tapıb.