Fontu böyüt:
Cari ilin 2-4 Sentyabr tarixləri arasında, Nabranda Bloqosfer 2011 Forumu keçiriləcək. Forumda 150-dən çox bloqçu və yeni media mütəxəssisi Azərbaycanın İnternet media mühitini müzakirə etmək üçün bir araya gələcək.
Layənin kordinatoru Azər Nəzərovun xeberler.az-a verdiyi məlumata görə forumda bloqçular, yeni media mütəxəssisləri ilə yanaşı bu sahənin inkişafında maraqlı olan dövlət, biznes, QHT, beynəlxalq təşkilat nümayəndələri də iştirak edəcəklər.
Bloqosfer – bloqçular və yeni media mütəxəssisləri forumunun məqsədi bloqçuları, yeni media mütəxəssislərini, İnternetə aidiyyatı olan müxtəlif qurumları və ümumilikdə İnternet ictimaiyyətini bir araya toplayaraq bloqçuluğun və sosial medianın inkişafı istiqamətində təkliflər hazırlamaqdır.
Ənənəyə sadiq qalaraq bu il də Bloqosfer forumunda müzakirə olunacaq mövzular öncədən deyil, tədbir zamanı məhz iştirakçılar tərəfindən təyin olunacaqdır. Müzakirə mövzuları ilə yanaşı İnformasiya Texnologiyaları, İnternet və sosial mediaya aid olan qurum nümayəndələri son bir ildə görülən işlər və gələcək planlara dair təqdimatla çıxış edəcəklər.
Bloqosfer 2011 forumunda üslubundan, sahəsindən aslı olmayaraq (texnoloji, sosial, elmi, biznes və s) hər bir bloqçu, yeni media mütəxəssisi və ya bu sahəyə marağı olan hərkəs www.bloqosfer.com- da qeydiyyatdan keçərək iştirak edə bilər.
Xatırladaq ki, ilk dəfə 2010-cu ildə təşkil olunmuş Bloqosfer forumu nəticəsində iştirakçılar tərəfindən İnternet mediasının inkişafı üçün aidiyyatı qurumlara və o cümlədən İnternet ictimaiyyətinə ünvanlanan 20 təklifdən ibarət müraciət qəbul olunmuşdur. Bloqosfer 2011 forumu “İnformasiya Texnologiyaları, İnternet və Media” İctimai Birliyi (İTİM), Barkamp Azərbaycan və Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə həyata keçirilir.