Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara və əmlak sahiblərinə göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsini, bu sahədə innovativ üsulların tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə komitə mütəmadi tədbirləri həyata keçirməkdə davam edir.
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara və əmlak sahiblərinə göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsini, bu sahədə innovativ üsulların tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə komitə mütəmadi tədbirləri həyata keçirməkdə davam edir.
ƏMDK-dan AzərTAc-a bildirmişlər ki, belə tədbirlərin davamı olaraq vətəndaşlara, əmlak sahiblərinə, xüsusi təbəqədən olan insanlara (əlillərə, ahıllara, tənha, sağlamlıq imkanları məhdud və yaşayış yeri uzaqda yerləşən insanlara) daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərdə rahatlıq və çevikliyin təmin olunması məqsədilə növbəti yeniliyə imza atılmışdır. Belə ki, Bakıda və respublikanın regionlarında daşınmaz əmlakın qeydiyyatı sahəsində xidmətlərin müasir üsullarla, səyyar şəkildə göstərilməsinə başlanılacaq, vətəndaşlar bu xidmətlərdən ərazi qeydiyyat idarələrinə getmədən də faydalana biləcəklər. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xüsusi nəqliyyat vasitələri alınmışdır. Yeni nəqliyyat vasitələri müvafiq xidmətlərin göstərilməsi üçün tələb olunan bütün standartlara cavab verir və eyni zamanda, müasir informasiya-kommunikasiya vasitələri ilə təchiz edilmişdir. Gələcəkdə onların artırılması nəzərdə tutulur.
Bu sahədəki xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlərin qəbulu və qanunauyğunluğunun yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması, vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi də daxildir. Səyyar xidmətin göstəriləcəyi məkanlar və günlər əvvəlcədən təyin olunacaqdır.
Bütün bunlardan əlavə, daşınmaz əmlakın qeydiyyatında operativliyi və rahatlığı artırmaq məqsədilə komitə tərəfindən 13 yeni avtomobil alınaraq istifadəyə verilmişdir. Modern texniki sistemlə təchiz olunmuş bu avtomobillər daşınmaz əmlakın qeydiyyatı prosesi zamanı texniki məsələlərin həllinə, yerində baxış və mühəndislik işlərinin həyata keçirilməsinə, daşınmaz əmlakın müayinəsi, texniki plan-ölçüləri və çöl-ölçmə işlərinin görülməsinə, nəticə etibarilə xidmətin daha çevik, sürətli aparılmasına imkan yaradacaqdır.
Əmlak Məsələləri Dövlət Komitəsi son illər fəaliyyətini təkmilləşdirmək və müasir tələblərə uyğunlaşdırmaq istiqamətində uğurlu addımlar atmışdır. Ümumilikdə indiyədək 40-a yaxın xidməti əhatə edən 16 elektron xidmət təşkil edilmiş və onların hamısı “Elektron hökumət” portalına inteqrasiya olunmuşdur. 2014-cü ildə daha 15 elektron xidmətin təşkili nəzərdə tutulur ki, buraya dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların icarəçiyə SMS vasitəsilə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı barədə məlumatın elektron verilməsi, kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər daxildir.
Qeyd edək ki, bu il martın 3-dən etibarən daha bir yeniliyin tətbiqinə başlanılmışdır. Belə ki, artıq vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (forma-1) ərazi qeydiyyat idarələrinə getmədən notariuslarda onlayn şəkildə əldə edirlər. (azertag.com)