Fontu böyüt:
Azərbaycan mobil telefon tarifinin bahalılığına görə MDB ölkələri arasında üçüncü yerdədir. “İqtisadi forum” jurnalının Rusiyanın “Rossiya” kanalına istinadən verdiyi məlumatda belə deyilir. Xəbərə əsasən, ölkə sakinlərinə mobil telefonla danışığın hər dəqiqəsi təxminən 12 sentə başa gəlir.
MDB-nin mobil rabitə bazarlarının araşdırılması nəticəsində bəlli olub ki, ən ucuz mobil rabitə qiymətləri Özbəkistan, ən bahalı qiymətlər isə Gürcüstandadır. Özbəkistanda mobil danığışın hər dəqiqəsi üçün iki sent, Gürcüstanda isə təxminən 15 sent ödəmək lazım gəlir. İkinci ən bahalı mobil rabitə tarifi Qazaxıstandadır. Bu ölkədə şirkətlər abunəçilərdən hər dəqiqə danışıq üçün, orta hesabla, 13 sent alırlar. Qiymətlərin bahalığına görə, növbəti yerləri Moldova və Ermənistan tutur. Bu ölkələrdə mobil rabitə tarifinin dəqiqəsi, uyğun olaraq, 11 sent və 10 sentdir. Mobil danışıq dəyəri Belarusda səkkiz sent, Ukraynada yeddi sent təşkil edir.
Tacikistan və Qırğızıstanda qiymətlər eynidir. Bu ölkələrdə mobil rabitənin bir dəqiqəsi beş sentə başa gəlir. Tacikistanda bu ilin fevral ayından mobil rabitə danışıqlarına aksiz vergisi tətbiq edilir. Bundan sonra abunəçilər, əlavə olaraq, üç faiz həcmində vergi ödəməli olacaqlar. Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, mobil rabitə operatorlarının illik gəliri 300 milyon dollar təşkil edir.
Jurnalda qeyd olunur ki, ekspertlər MDB ölkələrinin mobil rabitə bazarının Rusiyadan xeyli geri qaldığı fikrindədirlər. Rusiya isə hələ də Avropaya çata bilməyib. MDB ölkələrinin əksəriyyətində, ən azı, bir Rusiya operatoru fəaliyyət göstərir. Ən yaxşı rəqabətin olduğu bazar Ukrayna hesab olunur. Artıq bütün tezliklər tutulduğundan mobil rabitə operatorları yeni xidmət təklif etməyə üstünlük verirlər.
Qazaxıstanda dörd nəsil rabitə xidməti tətbiq edilir. Özbəkistan, Tacikistan, Ermənistan və Qırğızıstanda videozəng xidmətləri geniş yayılıb. Araşdırmalar göstərir ki, Qafqaz ölkələrində Orta Asiya ilə müqayisədə az sms yazmağa üstünlük verir, əvəzində nömrələrə daha çox diqqət ayırırlar. Gürcüstanda köhnə nömrəni saxlamaqla, operatoru asanlıqla dəyişmək mümkündür.
Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir. Bu bazarın əsas payı “Azercell” şirkətinin payına düşür.