Fontu böyüt:
Azərbaycana səfərini çərçivəsində Avropa Şurası Nazirlər Komitəsinin “AQO” monitorinq qrupu bu gün (24 noyabr) mətbuat nümayəndələri və hüquq müdafiəçiləri ilə görüşüb. “Media forum” saytının məlumatına görə mətbuat nümayəndələri ilə görüşdə “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov, media eksperti Ələsgər Məmmədli, İTV-nin baş direktor müavini Rafiq Nəbiyev iştirak edib. Görüşdə qrup üzvlərinə Azərbaycanın Avropa Şurasına daxil olmasında sonra mətbuatla bağlı qəbul olunan qanunlar, onların icra vəziyyəti və həbsdə olan jurnalistlərlə bağlı məlumat verilib.
“AQO” qrupunun üzvləri həmçinin həbsdə olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüblər.
Xatırladaq ki, “AQO” qrupunun Azərbaycana səfəri noyabrın 23-də başlayıb. Qrup Noyabrın 26-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Prezidenti, Milli Məclisinin sədri, Ədliyyə, Xarici və Daxili İşlər nazirləri, Ali Məhkəmənin sədri, Mərkəzi Seçki Komissiyanın sədri, müxalifət partiyaları, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə Avropa Şurasına üzv olan dövlətlərin Azərbaycandakı səfirləri ilə görüşləri nəzərdə tutulub.