Fontu böyüt:
Yaxın üç ay ərzində Azərbaycanda “Elektron imza” layihəsinin icrası başa çatacaq və müvafiq sistem istismara veriləcək.
Bu barədə APA-ya Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) İnformasiya Cəmiyyətinin İnkişafı Şöbəsinin müdiri Rüfət Gülməmmədov bildirib.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsində bu istiqamətdə Türkiyənin təcrübəsindən geniş istifadə olunub və “E-imza” çərçivəsində bu ölkə ilə protokol imzalanıb. Layihənin işlənib hazırlanması və icrası zamanı TUBITAC-la (Türkiyə Elmi-Texniki Şurası) təcrübə mübadiləsi aparılıb. Bununla yanaşı RİTN Rumıniya, ABŞ və keçmiş sovet məkanı ölkələrin təcrübəsindən faydalanaraq müəyyən edib ki, “E-imza” layihəsinin X-Roud prinsipi üzrə tətbiqi Azərbaycanda mövcud infrastruktura daha uyğundur.
R. Gülməmmədov onu da bildirib ki, X-Roud prinsipi əsasında hazırda Azərbaycanda olan və müxtəlif platformalarda yaradılmış məlumat bazalarının və informasiya sistemlərinin yığılması üçün yeni model işlənib hazırlanıb və tətbiq olunub.
Qeyd edək ki, “E-imza” layihəsi Ultra şirkətinin başçılıq etdiyi konsorsium tərəfindən icra olunur. Buraya həmçinin Microsoft və Azərin şirkətləri də daxildir. Layihədə fiziki və hüquqi şəxslər üçün “e-imza” kartlarının işlənib hazırlanması nəzərdə tutulur.