Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2008-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan nazir Əli Abbasov 2008-ci ilin Azərbaycan üçün uğurlu olduğunu bildirib və qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində sürətli inkişafa nail olunub.
2008-ci il ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə gəlir, proqnozlaşdırılmış 191.9 mln. manat proqnoza qarşı 225.2 mln.manat gəlir əldə edilib ki, bu da 2007-ci illə müqayisədə 36.0 mln. manat (19,0 faiz) çox olub. Birlik və müəssisələr tərəfindən 2008-ci il ərzində dövlət büdcəsinə 28.6 mln. manat, DSMF-yə isə 11.4 mln. manat vəsait ödənilib.
Daha sonra nazirliyin Tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov, İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov, Naxçıvan MR rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov və başqaları investisiya layihələrinin uğurla həyata keçirilməsindən, göstərilən genişzolaqlı internet xidmətlərindən, Respublikada GSM standartında fəaliyyət göstərən mobil telefon operatorları arasında arabağlantı münasibətləri və qarşılıqlı hesablaşmaların tənzimlənməsi, Naxçıvan MR-da telekommunikasiya və poçt rabitəsinin inkişafı, ərizə və müraciətlərə baxılması, yeni iş yerlərinin yaradılması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
İclasın sonunda Əli Abbasov yekun nitqi söyləyib, müzakirələrdə ortaya çıxan məsələlər və onların həlli yolları ilə bağlı müvafiq göstərişlər verib.
xeberler.az/Ellada