Fontu böyüt:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi bu fikirlər müvafiq dövlət və özəl strukturlar qarşısında əlavə vəzifələr və məsuliyyətlər müəyyənləşdirib.
Nağdsız ödənişlərin həcminin artması və nəticə etibarilə vergidən yayınma hallarının qarşısının alınması və vergitutma bazasının genişlənməsində cəmiyyətin üzərinə də mühüm məsuliyyət düşür. Dövlət başçısının da qeyd etdiyi kimi, xidmət, ticarət, iaşə obyektlərində ödəmə kartlarından istifadə hallarının çoxalması paralel olaraq vergitutma bazasının genişlənməsinə və dövlət büdcəsinin gəlirlərinin artmasına gətirib çıxaracaqdır.
Bu sahədə görülən işlər, həyata keçirilən yeni layihələr, hələ də özünü göstərən problemlər və perspektiv planlar haqda plastik kart sahibi olan oxucularımıza məlumat vermək və onlara bu kartlardan istifadənin müsbət tərəflərini daha aydın izah etmək üçün «MilliKart» MMC-nin icraçı direktoru Cəlal Orucovla söhbətləşdik.
Arayış: «MilliKart» Prosessinq Mərkəzi Azərbaycan Respublikasının Mərkəzi Bankında yaradılaraq 3 yanvar 2005-ci il tarixində istismara verilmiş, 14 iyul 2006-cı il tarixində 18 bankın təşəbbüsü ilə «MilliKart» Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir. 2006-cı ilin sonundan isə «MilliKart» Prosessinq Mərkəzi fəaliyyətini MMC kimi davam etdirməkdədir.
- Cəlal müəllim, ölkəmizdə nağdsız ödənişlərin hələ də istənilən səviyyədə olmamasının səbəblərini nədə görürsünüz?
- Kart infrastrukturunun inkişaf etdirilməsi məqsədilə son illər ərzində ölkədə bir sıra tədbirlər həyata keçirilmiş və əməliyyatların nağdsız şəkildə aparılması üçün müvafiq baza yaradılmışdır. Lakin ölkədə hələ də nağdsız ödənişlər istənilən səviyyədə deyil və buna səbəb kart sahibləri tərəfindən kartlardan geniş şəkildə istifadə olunmamasıdır. POS-terminallarda əməliyyat edərkən müştəridən heç bir xidmət haqqı tutulmasa da, pərakəndə ticarətdə POS-terminallardan məhdud istifadənin başlıca problemi təsərrüfat subyektləridir. Buna səbəb təsərrüfat subyektinin banka POS-terminal vasitəsilə aparılan dövriyyəyə görə komisyon haqqı ödəməsi və yeni mağazaların öz dövriyyələrini açıqlamaq istəyində olmamasıdır. Digər səbəbi isə əhalinin bu sahədə məlumatsızlığı ilə də əlaqələndirmək olar. Bunun üçün KİV-də nağdsız hesablaşmalara dair informasiyaların yayılması, banklar tərəfindən stimullaşdırıcı kampaniyaların həyata keçirilməsi məqsədəuyğun olardı. Təsərrüfat subyektlərində də kartların qəbulunu stimullaşdırmaq lazımdır. Bunun üçün nağdsız hesablaşmaya görə vergi yükünün azaldılması, mənfəət vergisi, ƏDV üzrə güzəştlərin tətbiqi kimi məsələləri nəzərdən keçirmək olar.
- Nağdsız ödəniş sisteminin tətbiqi məqsədilə şirkətinizin həyata keçirdiyi yeniliklər və gələcək perspektivlər barədə məlumat verməyinizi xahiş edirik.
- Azərbaycan Respublikasında ödəniş sistemlərinin inkişaf etdirilməsi, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz olunması, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi sahəsində «MilliKart»ın mühüm rolu var. Ölkədə nağdsız ödənişlər sisteminin təkmilləşdirilməsi üçün «MilliKart», «VISA Inc.» və «MasterCard İnc.» beynəlxalq kart təşkilatlarında sertifikasiyadan keçmişdir. «MilliKart»ın fəaliyyətinin əsas istiqamətlərindən biri xidmət etdiyi banklara keyfiyyətli və sərfəli bank məhsulu və xidməti təklif etməkdir. Nağdsız ödəniş sisteminin inkişaf etdirilməsi və stimullaşdırılması məqsədilə «MilliKart» tərəfindən bir neçə xidmət növləri tətbiq edilərək kart sahiblərinin istifadəsinə verilmişdir. Bu kimi xidmətlərdən «İnternet-bankçılıq», «SMS-bankçılıq», «Card to Card» (pul vəsaitlərinin bir kart hesabından digər kart hesabına köçürülməsi) və s. qeyd etmək olar. Banklara göstərilən xidmətlərin effektivliyini artırmaq məqsədi ilə «MilliKart» yeni texnologiyaların tətbiqinə də böyük önəm verir. Belə ki, «Dəmirbank» ASC, «Unibank KB» ASC, «GoldenPay» MMC və «MilliKart» MMC-nin sıx əməkdaşlıqları nəticəsində elektron ticarət xidməti yaradılaraq istifadəyə verilmişdir. Bu sistemin göstərdiyi elektron ticarət xidmətlərində qabaqcıl texnologiyaların istifadə edilməsi ilə yanaşı, etibarlılıq və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, internetdə ödənişlərin təhlükəsiz aparılması məqsədi ilə «MilliKart» 3-D Secure texnologiyalarının tətbiqi ilə əlaqədar «MasterCard Int.» və «VISA Inc.» təşkilatlarında müvafiq olaraq «Secure Code» və «Verified by VISA» üzrə sertifikasiyadan keçmişdir.
- Plastik kartlardan istifadə kart sahibləri və banklar üçün hansı üstünlüklər yaradır?
- Plastik kartlardan istifadə vətəndaşlar üçün rahatlıq, etibarlılıq, əlverişlilik, vaxta qənaət, üzərində böyük məbləğdə nağd pul daşımaq məcburiyyətinin olmaması, bank üçün isə rəqabət qabiliyyətinin və nüfuzun artması, ödənişə zəmanət, kağız-pul kütləsinin hazırlanma, uçot və emal xərclərinin azalması, minimal vaxt sərfi və fiziki əməyə qənaət deməkdir. Ödəniş kartlarından istifadə olunması kart sahibləri üçün bankomatlar vasitəsi ilə hesablaşmaların nağdsız formalarını həyata keçirmək, (mobil rabitə, kabel televiziyası, kommunal xidmətlərin və s. dəyərinin ödənilməsi), pulu hesabdan hesaba köçürmək, kart üzrə xərclərə nəzarət etmək, eləcə də pul vəsaitindən uzaqdan istifadə etmək və pul hesabını internet, telefon və s. vasitəsilə idarə etmək imkanları yaradır. Üstəlik, nağd puldan fərqli olaraq, sərhədi keçərkən ödəniş kartındakı vəsaitlərin deklarasiyasına ehtiyac olmur. Bu da həmin şəxslərə və müvafiq dövlət qurumlarının əməkdaşlarına əlavə vaxt itkisinin qarşısını almağa imkan verir.
Digər tərəfdən, plastik kartlardan istifadə vergidən yayınma hallarının qarşısının alınmasına, əməliyyatların şəffaf şəkildə həyata keçirilməsinə, vergi ödəyicisi olan sahibkarların maliyyə sanksiyaları ilə üzləşmə riskinin aradan qalxmasına, nəticə etibarilə dövlət büdcəsinin gəlirlərinin artmasına gətirib çıxarır.
- Şirkətinizin rəsmi statistik göstəriciləri, o cümlədən POS-terminallar, plastik kartların növləri və s. barədə məlumat verməyinizi xahiş edirik.
- Hazırda «MilliKart» 10 banka xidmət edir. Həmin banklar tərəfindən respublikanın müxtəlif yerlərində 270-dən çox bankomat və 1.300-dən artıq POS-terminal quraşdırılmış, 150 mindən çox kart emissiya edilmişdir. «MilliKart» tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi sayəsində ödəniş kartları bazarında nəzərəçarpan irəliləyişə nail olunmuş, kartların sayının, əməliyyatların həcminin artım dinamikası müşahidə edilməkdədir. «MilliKart» tərəfindən emissiya edilmiş kartlar əhatə dairəsinə görə yerli və beynəlxalq; növlər üzrə debet və kredit; məhsullar üzrə «Visa» kateqoriyasında: Electron, Classic, Virtual, Business, Gold, Platinum, və Infinite; «MasterCard» kateqoriyasında isə: Maestro, Standard, Virtual, Business, Gold və Platinum kartlarına bölünür./// milli.az