Fontu böyüt:
Şimali Koreyanı internetsiz qoyan, 900 mindən artıq istifadəçinin bir gündə yüklədiyi qalmaqallı “Müsahibə” filmi ilə bağlı yeni məlumat yayılıb.
Koreya lideri Kim Çen Undan bəhs edən “Müsahibə” filmini Sony Pictures kino şirkəti 2014-cü il dekabrın 18-də Nyu-Yorkda nümayiş etməyi planlaşdırırdı. Premyera zamanı terror aktı olacağı haqda naməlum hakerlərdən gələn təhdid səbəbindən şirkət tədbiri ləğv etməyə məcbur olub.
Bir qədər öncə SonyPictures şirkəti güclü kiber hücuma da məruz qalmışdı. Hakerlər bir sıra məxfi məlumatları, “Müsahibə” filmini tam həcmdə ələ keçirmışdilər. ABŞ rəsmən Şimali Koreyanı hücumun təşkilində ittiham etmişdi. ABŞ prezidenti Barak Obama hücumda əli olanları cəzalandıracağına da söz vermişdi. Dekabrın 22-də isə Şimali Koreyanının interneti tam kəsilib, mütəxəssislər bunun səbəbini tapa bilməyiblər. 2 gün sonra internet bərpa olub.
Bizimyol.info Newsru.com -ya istinadla bildirir ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu Sony Pictures şirkətinə edilən kiberhücumla bağlı yeni məlumatlar yayıb: hakerlərin yapon serverlərindən yararlandığı aşkarlanıb. Yaponiya xüsusi xidmət orqanları artıq məsələni araşdırır.
The Times dərgisi isə bu işdə rus hakerlərinin iştirak etdiyini vurğulayır: “Təhqiqatlar hakerlərin göndərdiyi xəbərdarlığın rusdilli insanların hazırladığını aşkarlayıb”.
Analitiklərin fikrincə, belə hücumu Şimali Koreya təşkil edə bilməzdi, hakerlərin yazıda buraxdığı səhvlər isə onların rus dilində ünsiyyət qurduğunu sübut edir.