Fontu böyüt:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2010-cu il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” təsdiq edildi. Dövlət Proqramının əsas hədəflərindən biri də ölkəmizdə bütün sahələrə informasiya və kommunikasiya texnologiyalarının (İKT) səmərəli tətbiqinin genişləndirilməsi və “Elektron hökumət” quruculuğunun daha da sürətləndirilməsidir.
“Elektron hökumət” nədir?
E-hökumət sadə şəkildə desək, İKT-dən, ilk növbədə kompüter və internetdən istifadə etməklə dövlət təşkilatları ilə vətəndaşlar arasında operativ və maneəsiz qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə formasının qurulmasıdır. Onun əsasında dövlət idarəetmə sistemi infrastrukturunun informasiyalaşdırılması, inzibati idarə etmə fəaliyyətinin avtomatlaşdırılması, kağız üzərində olan sənədlərin rəqəmli məkana keçirilməsi, onlayn rejimində vətəndaşlara operativ xidmətlərin göstərilməsi, əməliyyatlara məmur təsirinin minimuma yendirilməklə bürokratik əngəllərin aradan qaldırılması, işin keyfiyyətinin və şəffaflığının artırılması durur.
Hazırda, ölkəmizdə İKT-nin dövlət qurumlarına, təhsilə, icra strukturlarına tətbiqi ilə əlaqədar, elektron imzanın və sənədin tanınması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Qeyd etmək lazımdır ki, son vaxtlar internet vasitəsilə dövlət orqanlarına vakant iş yerlərinə müsabiqə elan edilməsi, əhalinin kommunal borcları ödəyə bilməsi, virtual məkanda abituriyentlərin sınaq və qəbul imtahanları üçün sənəd verməsi, ixtisas seçməsi, elektron elm, təhsil, kitabxana, ticarət, sağlamlıq kimi layihələrin tədricən tətbiq edilməsi e-hökumətin üstünlüyünü bir daha təsdiqləyir.
“Elektron hökumət” kimlərə sərf etmir?
Bəzi dövlət qulluqçularının, xüsusən yaşlı nəslin İKT ilə işləməyə sosial-psixoloji və professional cəhətdən tam hazır olmaması e-hökumət quruculuğunda ləngidici amil hesab olunur. İnformasiya cəmiyyəti quruculuğunda kompüter savadı olmayan və internetdən düzgün istifadə etməyi bacarmayan şəxsin yüksək vəzifə tutması qeyri-normal haldır. Hətta, keçən il Rusiyada dövlət başçısı tərəfindən kompüterdə işləməyi bacarmayan vəzifəli şəxslərin işdən azad edilməsi barədə təklif də irəli sürülmüşdür. İKT səriştəsi olmayan, informasiyalaşdırma proseslərinin mahiyyətini başa düşməyən məmurlar bu proseslərdə öz rolunu da başa düşə bilmirlər. Belə məmurlar ya e-hökumət ideyasını qəbul edib, onun aktiv tətbiqinə çalışmalı, ya da ki, öz yerlərini innovativ ideyaları dərk edən daha perspektivli kadrlara verməlidirlər.
E-hökumət vətəndaşların mənafeyinə hesablanmış bir sistemdir. Lakin, bu sistem sadə vətəndaşlara rahatlıq gətirdiyi halda, cəmiyyətdə illərlə kök salmış bürokratik qüvvələrə qətiyyən sərf etmir. Təcrübə göstərir ki, uzun müddət bürokratik idarəetmə sisteminə öyrənmiş məmur e-hökumət ideyasını öz xoşuna qəbul etmək istəmir. Bu səbəbdən vətəndaşların müəyyən sənədlər almaqla əlaqədar ən çox ünsiyyətdə olduğu təşkilatların çoxunun hələ də internet saytları yoxdur, olanlar da ala-yarımçıq vəziyyətindədir. Keçən il 50 dövlət qurumunun və bir sıra bələdiyyə orqanlarının rəsmi internet sayt resurslarının Multimedia Mərkəzi tərəfindən aparılmış monitorinqi də göstərdi ki, 2009-cu ildə saytlarının əhatəliyində irəliyə doğru dəyişikliklər olsa da, ümumilikdə elektron xidmətlərlə bağlı vəziyyət qənaətbəxş deyildir. Demək olar ki, hamı üçün mühüm əhəmiyyət kəsb edən xidmətlərin elektron formaya keçirilməsi olduqca zəif aparılır.
Məmurlar niyə texniki işlərlə məşğul olurlar?
Yəqin, hamı razılaşar ki, hər hansı bir iş üçün tələb olunan arayışı və ya sənədi cavabdeh qurumdan almaq bu gün də müşkül məsələ olaraq qalır. Xüsusən daşınmaz əmlak, ev alqı-satqısı ilə bağlı sənədlərin, həmçinin aidiyyəti orqanlardan müxtəlif təyinatlı vəsiqələrin, arayışların alınması uzun bir proseduraya çevrilir. Bəzi idarələrdə iş o həddə çatıb ki, arayış və sənədlərin verilməsi idarə rəhbərliyin xüsusi nəzarəti altında, bəzən isə elə yüksək rütbəli, vəzifəli adamların şəxsən özləri tərəfindən həyata keçirilir. Adamda belə sual yaranır ki, görəsən burda nə maraq var ki, qurum rəhbəri öz qanuni vəzifələrini icra etmək əvəzinə texniki işlərlə məşğul olur? Məlumat üçün bildirək ki, inkişaf etmiş ölkələrin hamısında əhaliyə xidmət işlərini gülərüz, xoş ünsiyyət bacarığı olan cavan oğlan və qızlar həyata keçirirlər.
Xidmət sahəsində bazburudlu və zəhmli çinovniklər görən sadə vətəndaş, təbii ki, o dəqiqə özünü itirir və nə istədiyini onlara başa sala bilmir, heç belə məmurlar adamı anlamaq da istəmirlər. Onların qurduğu sistemə görə vətəndaş, sahibkar və ya iş adamı mühüm əhəmiyyət kəsb edən sənədlərin alınmasında mütləq süni əngəllərlə rastlaşmalıdır. Bəzən, təcili lazım olan arayışı almaq üçün bir neçə həftə əvvəl idarəyə gedib növbəyə yazılmalı, növbə vaxtı çatandan sonra isə təzədən nə qədər də alacağın sənədi gözləməli olursan. Həmin müddət ərzində isə həm adamın işi pozular, həm də əsəbləri sıradan çıxar. Belə hal yaşadığımız informasiya əsrinin tələbləri ilə heç cür uzlaşmır, həm də korrupsiyaya və rüşvətxorluq üçün şərait yaradır. Aydındır ki, hər kəs öz işinin pozulmaması xətrinə, prosesləri tezləşdirmək məqsədilə, məcburən, “işbaz” vasitəçilər tapmalı, onlarla “razılığa” gəlməlidir ki, iki-üç aylıq deyilən iş rahatca beş dəqiqəyə görülsün.
“Elektron Azərbaycan” rüşvətsiz virtual məkan olacaq!
Yuxarıda qeyd olunan mənfi halların aradan götürülməsində “Elektron Azərbaycan” Dövlət Proqramının uğurlu icrası çox mühüm əhəmiyyətə malikdir. Respublikamızda informasiya cəmiyyətinə keçidin təmin edilməsi, şəffaf və demokratik virtual məkanın yaradılması, hər təşkilatın “elektron imzasının” təsdiq olunması, idarənin dövriyyəsində və arxivində olan bütün sənədlərin elektron variantlarının hazırlanması, onlara hüquqi statusun verilməsi, həmin sənədlərin internet vasitəsilə vətəndaşlara verilmə qaydalarının müəyyənləşdirilməsi bürokratizmə və rüşvətxorluğa qarşı mübarizədə çox səmərəli ola bilər. Artıq virtual məkanda, gerçək aləmdən fərqli olaraq məmurların rüşvət ala bilməsi ehtimalı sıfıra yenəcək və son nəticədə ölkədə vətəndaşın, biznesin işinin keyfiyyəti, həyat və yaşayış səviyyəsi daha da artmağa başlayacaq.
Vüqar Haqverdiyev
mənbə: Milli.Az