Fontu böyüt:
“Mikloş Haraşti ATƏT-in media azadlığı üzrə nümayəndəsidir. Təəssüf ki, o, vəzifə səlahiyyətlərinin xaricində olan bəyanatlar səsləndirir.
Haraşti elə bil ATƏT kimi nüfuzlu qurumun təmsilçisi deyil, hansısa narazı jurnalist təşkilatının mövqeyini ifadə edən şəxsdir. Onun çıxışlarında təfriqəçilik və bölücülük əlamətləri aşkar duyulur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mətbuat Şurasının fəaliyyəti ilə bağlı söylədiklərinə münasibət bildirərkən deyib.
Azərbaycan Mətbuat Şurasının 2003-cü ildən bəri fəaliyyətinin göz önündə olduğunu qeyd edən sədr bu qurumun qurultaylarının keçirildiyini, ölkənin aparıcı media nümayəndələrinin demokratik şəkildə Şuranın mərkəzi orqanlarında təmsil olunan şəxsləri müəyyənləşdirdiklərini vurğulayıb: “Cənab Haraştinin o fikirləri ilə razıyam ki, dünyanın müxtəlif ölkələrindəki mətbuat şuraları müxtəlif fəaliyyət istiqamətlərinə malikdirlər. Amma çox istərdim ki, ATƏT kimi qurumun baxışlarını ifadə etməyi öhdəsinə götürən şəxs Azərbaycan Mətbuat Şurasının da iş prinsiplərinə diqqət yetirsin və iradlarını buna uyğun olaraq bildirsin. Təbii ki Mətbuat Şuralarının müxtəlif ölkələrindəki fərqli fəaliyyət istiqamətlərini də nəzərə alsın. Bu zaman bizim nədə hakim rol oynamalı olduğumuzu düzgün qiymətləndirə biləcək”.
Ə. Amaşov M. Haraştinin Azərbaycana səfərləri zamanı indiyə qədər heç vaxt Mətbuat Şurasında olmadığını, Şuranın İdarə Heyətinin üzvləri ilə görüşmədiyini vurğulayıb: “Bu cür münasibətin nədən qaynaqlandığına şərh vermək istəməzdim. Sadəcə onu deyə bilərəm ki, cənab Haraşti hər dəfə Azərbaycanda olarkən olduqca dar çərçivəli görüşlər keçirir və həmin görüşlərdən əldə etdiyi qənaəti ATƏT kimi nüfuzlu qurumun mövqeyi olaraq ifadə edir. Bu nədən irəli gəlir? Məsələyə aydınlıq gətirmək üçün ATƏT rəhbərliyinə müraciət etməyi düşünürük. Məncə, cənab Haraşti ölkə mediasının bütün spektrini əhatə edən şəxslərlə görüşüb, müzakirələr aparsaydı Azərbaycanda medianın problemlərinin aradan qaldırılması istiqamətində dəyərli təkliflər səsləndirə bilərdi”.
Ə. Amaşov M. Haraştinin Azərbaycandakı bir çox reallıqlardan xəbərsiz olduğunu deyib: “Məsələ burasındadır ki, Azərbaycanda hər bir şəxsin fikirlərini və baxışlarını ifadə etməklə yanaşı öz təşkilatını da yaratmaq hüququ da var. Cənab Haraşti jurnalistləri alternativ Mətbuat Şurası yaratmağa çağırmaqla heç də yenilik etməyib. Vaxtilə belə cəhdlər olub və bu cəhdlərin səmərəsi, daha doğrusu, səmərəsizliyi göz qabağındadır. Hamı Mətbuat Şurası dedikdə hansı tərkibli qurumun nəzərdə tutulduğunu yaxşı anlayır. Sözüm ondadır ki, Azərbaycanda cəmiyyət ölkədə baş verən bütün proseslərə, o cümlədən mediadakı hadisələrə düzgün reaksiya verməyi bacarır. Bu fonda Mətbuat Şurasının fəaliyyəti nəzərdən qaçmır”.
Qeyd edək ki, bu gün keçirdiyi mətbuat konfransında M. Haraşti Azərbaycanda Mətbuat Şurasının jurnalistlərin müdafiəçisi olmalı olduğunu deyib. Haraşti qeyd edib ki, Mətbuat Şurası hakimiyyətə hansısa mətbu nəşri bağlamağı məsləhət görməməlidir: “Hansı jurnalistlər şuranın fəaliyyətindən narazıdırsa, onların öz Mətbuat Şurası yaratmaq hüququ olmalıdır”.
Xüsusi nümayəndə deyib ki, o, Azərbaycan Mətbuat Şurası ilə bağlı hökm verə bilməz: “Alternativ şura yaradılmasının lazım olub-olmamasına jurnalistlər qərar verməlidir”.